Avropa çempionatında möhtəşəm nailiyyət
Monteneqronun paytaxtı Podqoritsada keçirilən cüdo üzrə gənclər arasında Avropa çempionatında Azərbaycan milli komandası uğurla çıxış edib.
Sportify.az xəbər verir ki, fərdi yarışların son günündə Azərbaycan yığması 1 qızıl və 2 bürünc medal qazanıb.
Süleyman Şükürov (90 kq) bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Finala qədər Fransa, Moldova, Ukrayna və Rusiya idmançılarını məğlub edən azərbaycanlı cüdoçu həlledici görüşdə almaniyalı Konstantin Disteli ipponla üstələyib. Bu, Şükürovun karyerasında gənclər arasında ikinci Avropa çempionluğu olub.
Davud Namazlı (100 kq) və Ramazan Əhmədov (+100 kq) isə bürünc medal qazanıblar. Onlar üçüncü yer uğrunda görüşlərdə müvafiq olaraq niderlandlı Leonhard Fransensə və yerli cüdoçu Stefan Koviniçə qalib gəliblər.
Xatırladaq ki, ilk yarış günündə Ayxan Mirzəzadə (60 kq) və Məhəmməd Musayev (66 kq) Avropa çempionu adını qazanmışdılar.
Ümumilikdə, Azərbaycan milli komandası gənclər arasında Avropa çempionatını 3 qızıl və 2 bürünc medalla başa vurub. Yığma 44 ölkə arasında ümumi komanda hesabında ikinci, oğlanların mübarizəsində isə birinci yeri tutub.



No Comment! Be the first one.