Valdas Dambrauskas: "Mançester Yunayted"ə qarşı 10 nəfərlə oynamayacağıq
“Sabah”ın baş məşqçisi Valdas Dambrauskas Azərbaycan Premyer Liqasının IV turunda “Zirə” üzərində 5:0 hesablı qələbədən sonra keçirilən mətbuat konfransında komandasının çıxışını dəyərləndirib.
Sportify.az xəbər verir ki, litvalı mütəxəssis futbolçularının oyun planını yüksək səviyyədə icra etdiyini bildirib.
“Oyunçularımı təbrik edirəm. Onlar bu gün oyun planımızı möhtəşəm şəkildə meydanda icra etdilər. Oyuna çox yaxşı başladıq və 13 dəqiqə ərzində iki qol vurduq. Çox təhlükəli qol fürsətləri yaratdıq. Hücum, təzyiq və pressinq zamanı çox aqressiv idik. İstədiyimizi meydanda edə bilirdik.
Amma 3:0-dan sonra futbolçularımdan o qədər də məmnun qalmadım. Çünki onlarda tələskənlik görürdüm. Hər hücumu sonlandırmağa çalışırdılar. Mən isə istəyirdim ki, daha çox öz oyunumuzu rəqibə qəbul etdirsinlər. Bəzən iki yarımmüdafiəçimiz ara ötürmələrin qarşısını ala bilmirdi. Bu məqamdan o qədər də razı qalmadım.
Əlbəttə, komanda 5:0 hesabı ilə qalib gəlirsə və qol buraxmırsa, ümumən razı qalmamaq düzgün deyil. Komandamın bugünkü oyunundan çox məmnunam. Bu nəticəni qısa müddət ərzində unudub qarşıdakı matça köklənirik”, – deyə baş məşqçi vurğulayıb.
Dambrauskas Umarali Raxmonaliyev və Stiv Solvetin zədələrinin durumu barədə də məlumat verib: “Onların vəziyyətinin necə olduğunu hələ bilmirik. Solvet MRT müayinəsindən keçmək üçün xəstəxanaya yollandı. Bir qədər ciddi zədəyə oxşayır”.
Baş məşqçi İngiltərədə “Mançester Yunayted”lə keçirəcəkləri Çempionlar Liqasının ilk tur matçında fərqli oyun planının olacağını söyləyib: “Əlbəttə, eyni oyun planı ilə İngiltərəyə gedib “Old Trafford”da “Mançester Yunayted”ə qarşı oynamaq mümkün deyil. Bizim öz kimliyimiz var. Çalışdıqca hücumda daha fəal olmaq və daha çox qol vurmaq istəyirik. İndi kimə qarşı oynayacağımızı bilirik. Təbii ki, “Mançester Yunayted”ə qarşı fərqli planımız və hazırlığımız olacaq”.
49 yaşlı mütəxəssis “Sabah”ın uşaq futboluna və akademiyanın inkişafına verdiyi önəmi də yüksək qiymətləndirib: “Klubumun belə işlər görməsindən fəxr edirəm. Bəzən Avropada elə klublarda çalışmışam ki, onlar bir il avrokuboklarda iştirak edib, növbəti il iflas ediblər. Mənim klubum qazandığı puldan uşaq futboluna və akademiyalara yatırım edir, struktur qurursa, bu, inanılmaz duyğudur və möhtəşəm işdir. İnanıram ki, bu, yalnız “Sabah” üçün deyil, Azərbaycan futbolu üçün edilmiş investisiyadır. Həmin uşaqlar təkcə “Sabah” yox, Azərbaycan millisi üçün də çalışa bilərlər”.
O, “Zirə” ilə görüşdə əsas futbolçuların meydana buraxılması məsələsinə də aydınlıq gətirib: “Futbolçuların vəzifəsi yalnız məşq etmək deyil, həm də oynamaqdır. Hazırda “Mançester Yunayted”ə qarşı kimin oynaya bilməyəcəyi ilə bağlı məlumatımız yoxdur. Amma sizə söz verə bilərəm ki, “Mançester Yunayted”ə qarşı 10 nəfərlə oynamayacağıq. Yenə də 11 futbolçumuz var və onlar oynamağa hazırdırlar. Meydana kim daxil olursa-olsun, oyun keyfiyyətimiz aşağı düşmür”.
Baş məşqçi komandanın sıx oyun qrafikinə də toxunub: “27 gün ərzində 8 oyunumuz var. Elə bir imkanımız var ki, oynayaq və iki gün futbolçularımıza istirahət verək. Oyunlar arasındakı məsafə həddindən artıq qısadır. 19 noyabrdan dekabrın 9-dək 7 oyunumuz var. Çalışacağıq ki, tempimizi saxlayaq. Bir oyun başa çatdıqdan sonra əsas məsələ qarşıdakı matça hazırlaşmaqdır. Ona görə də Çempionlar Liqasına xoş gəlmisiniz”!



No Comment! Be the first one.