Reda Xadra: Bakıya və "Qarabağ"a çox heyran qaldım - MÜSAHİBƏ
“Qarabağ”ın yeni transferi Reda Xadra evdə “Araz-Naxçıvan”ı 3:2 hesabı ilə məğlub etdikləri Misli Premyer Liqasının IV tur matçından sonra Sportify.az-a müsahibə verib.
Meydana 87-ci dəqiqədə daxil olan 25 yaşlı almaniyalı yarımmüdafiəçi əvvəlcə debüt oyununu dəyərləndirib:
– Əlbəttə, bizim üçün çox yaxşı oyun oldu. Qazanmaq həmişə vacibdir, çünki birinci yeri tutmaq istəyirik. Ümid edirəm ki, bu cür davam edə və hər həftə üç xal qazana bilərik.
– Xüsusilə Avropa kuboklarındakı mübarizəni dayandırdıqdan sonra, “Qarabağ”ın bu mövsüm üçün əsas məqsədi nədir?
– Mümkün qədər uğurlu olmaq, hər oyunda qələbə qazanmaq və qaldığımız yerdən davam edərək yenidən avrokuboklarda oynamaq. Buna çox ümid edirəm.
– Yeni transfer olaraq, bu klubdakı hədəfiniz və məqsədiniz nədir?
– Hər bir oyunda qələbə qazanmaq, uğurlu olmaq və əlbəttə, mümkün qədər çox dəqiqə oynamaq istəyirəm.
– Bilirsiniz ki, keçən mövsüm “Qarabağ” çempion ola bilmədi. Gəlişinizlə “Qarabağ”ın yenidən zəfər qazanacağına inanırsınız?
– Çoxlu yeni oyunçularımız var. Amma hər oyun, hər həftə addım-addım irəliləməliyik. Təbii ki, bu klubun məqsədi liqanı qazanmaqdır. Yaxşı komandamızın olduğunu düşünürəm və ümid edirəm ki, bunu bacaracağıq.
– Yeni kluba uyğunlaşma prosesiniz necə gedir: Baş məşqçi Qurban Qurbanov və komanda yoldaşlarınızla münasibətlərdə hər şey qaydasındadır?
– Bəli, qeydimə qalırlar. Komanda yoldaşlarım məni çox yaxşı qarşıladılar. Məşqçilər korpusu da maraqlanır və uyğunlaşmağıma kömək edirlər. Ümid edirəm ki, tədricən daha çox oyun dəqiqəsi almağıma da dəstək olacaqlar. Bəli, onların bu münasibəti çox xoşdur.
– Şəhər və klub haqqında ilkin təəssüratlarınız necədir?
– Bakı çox gözəl şəhər, “Qarabağ” isə yaxşı klubdur. Səhv etmirəmsə, son 12 ildə avrokubokların əsas mərhələsində oynayıblar. Yəni çox güclü klubdur və bunu son illərdə də göstəriblər. Çox heyran qaldım.


No Comment! Be the first one.