Yuri Vernidub: Yersiz iki qol buraxdıq
“Neftçi”nin baş məşqçisi Yuri Vernidub Misli Premyer Liqasının V turunda “İmişli” üzərində qazanılan 3:2 hesablı qələbəni şərh edib.
Sportify.az xəbər verir ki, ukraynalı mütəxəssis matçdan sonra keçirilən mətbuat konfransında komandasının oyunun gedişində 0:2 hesablı üstünlüyü əldən verməsini tənqid edib.
“Birinci hissədə istədiyimiz kimi oynadıq. Hansısa komanda 0:2 öndə olarkən hesabın bərabərləşməsi yaxşı hal deyil. Futbolçulara da demişəm ki, belə oynamağa haqqımız yoxdur və eyni səhvləri təkrarlamamalıyıq. Süni örtüklü meydançada oynamaq çətindir. Amma “İmişli” də eyni meydanda çıxış edir. Səhvləri araşdıracağıq və hər kəslə danışacağıq. Çox yersiz iki qol buraxdıq. Bunları etməməli idik”, – deyə baş məşqçi bildirib.
Y.Vernidub komandanın müdafiə xəttində tez-tez dəyişikliklər edilməsinin səbəbini də açıqlayıb. O, mərkəz müdafiəçiləri ilə digər oyunçular arasındakı əlaqələri yoxladıqlarını və heyətdəki bütün futbolçulara şans verməyə çalışdıqlarını söyləyib.
Baş məşqçi “Neftçi”nin yeni futbolçularının performansından razı qaldığını qeyd edib. O, ikinci hissədə meydana çıxan Qustavo Klismanın gözəl qolla komandasına qələbə qazandırmasını da müsbət məqam kimi dəyərləndirib.
Yuri Vernidub “Neftçi”nin futbolçusu Bassala Sambunun gələcək taleyi ilə bağlı suala da cavab verib: “Hələ ki, bizimlədir. Bəzi nüanslar var ki, komandanın daxilindədir. Bunları araşdıracağıq. Sambu başa düşməlidir ki, futbola futbol kimi yanaşmaq lazımdır”.



No Comment! Be the first one.