Mbappe və Vinisius “Seuta” aksiyasına qoşulmadı
İspaniya “Real Madrid”inin üç futbolçusu – Vinisius Junior, Kilian Mbappe və İbrahima Konate “Elçe” ilə La Liqanın V turunun oyunundan əvvəl digər futbolçuların geyindiyi xüsusi köynəklərlə bağlı fərqli mövqe sərgiləyib.
Sportify.az xəbər verir ki, “Elçe” ilə səfər matçından (2:3) əvvəl hər iki komandanın futbolçuları “Seuta”ya dəstək məqsədilə üzərində “Hamımız skumbriyayıq” (“Todos somos caballas”) yazısı olan köynəklərlə meydana çıxıblar.
Lakin Vinisius, Mbappe və Konate həmin köynəkləri digər futbolçular kimi tam şəkildə geyinməyib. Konate köynəyi əlində saxlayıb, Mbappe və Vinisius isə onu yarıya qədər geyinib. Futbolçular meydana girərkən köynəkləri çıxararaq “Real Madrid”in yaşıl formasında qalıblar.
İspaniyanın “Marca” nəşrinin yaydığı görüntülərdə Vinisiusun Mbappeyə köynəklə bağlı nə etməli olduğunu izah etdiyi görünür.
“Real Madrid” isə rəsmi saytında oyundan əvvəl hər iki komandanın futbolçularının “Hamımız skumbriyayıq” yazılı köynəklərlə meydana çıxdığını qeyd edib, lakin üç futbolçunun istisna təşkil etdiyini açıqlamayıb.
“El Mundo”nun məlumatına görə, “Real Madrid” rəhbərliyi futbolçularının qərarına hörmətlə yanaşıb və soyunub-geyinmə otağında “fərqli fikirlər, həssaslıqlar və reallıq baxışlarının” olduğunu bildirib. Təşəbbüsün “Elçe” tərəfindən irəli sürüldüyü və “Real Madrid”in buna qoşulduğu, lakin futbolçulara təzyiq göstərilmədiyi qeyd olunub.
Köynəklərlə bağlı təşəbbüs Valensiyalı sahibkarlar assosiasiyası (AVE) tərəfindən irəli sürülüb və La Liqanın razılığı ilə bir neçə oyunda keçirilib. “Levante” – “Barselona”, “Vilyarreal” – “Betis” və “Elçe” – “Real Madrid” görüşlərində futbolçular bu köynəkləri geyiniblər.
Qeyd edək ki, “Seuta” İspaniyanın Afrikanın şimalında yerləşən muxtar şəhəridir.


No Comment! Be the first one.