ABL-in mükafatı bəlli oldu
2026/2027-ci il mövsümündən etibarən Azərbaycan Basketbol Liqasında (ABL) klubların maliyyələşdirilməsi üzrə yeni model tətbiq olunacaq.
Sportify.az xəbər verir ki, yeni yanaşmanın əsas məqsədi ölkə basketbolunun keyfiyyətinin artırılması, klublar arasında rəqabətin gücləndirilməsi və azarkeş marağının yüksəldilməsidir.
Yeni model çərçivəsində ABL-də çıxış edən bütün klublara mövsümün əvvəlində şərtsiz olaraq 300 min manat maliyyə dəstəyi veriləcək. Bununla yanaşı, əlavə vəsaitlərin bölüşdürülməsi komandaların nəticələri, azarkeş sayı və mövsüm ərzində əldə etdikləri göstəricilər əsasında həyata keçiriləcək.
Yeni maliyyələşdirmə sistemində əsas bonuslar aşağıdakılardır:
-
Azarkeş dəstəyi bonusu: Bir oyuna ən azı 300 azarkeş cəlb edən klub hər matç üçün 3 min manat əldə edəcək. Mövsüm ərzində 21 oyunda bu şərti yerinə yetirən komanda əlavə olaraq 63 min manat qazana bilər.
-
Qələbə bonusu: Hər qələbəyə görə kluba 10 min manat ödəniləcək. Komanda mövsümü maksimum qələbə göstəricisi ilə başa vurduğu halda bu bonusun məbləği 210 min manatadək yüksələ bilər.
-
Yarımfinal bonusu: Mövsümün sonunda pley-off mərhələsinin yarımfinalına yüksələn 4 klubun hər birinə əlavə 150 min manat maliyyə dəstəyi veriləcək.
-
Vitse-çempionluq mükafatı: Çempionatı ikinci pillədə başa vuran komandaya 700 min manat əlavə maliyyə dəstəyi ayrılacaq.
-
Çempionluq mükafatı: Azərbaycan çempionu olan klub 1 milyon 400 min manat əlavə mükafat əldə edəcək.
Beləliklə, yeni modeldə klubların maliyyə təminatının müəyyən hissəsi mövsüm ərzində göstərilən nəticələr və azarkeş marağı ilə əlaqələndiriləcək.
Yeni sistemin tətbiqi ilə ABL-də həm idman nəticələrinin, həm də oyunlara azarkeş cəlbinin klubların maliyyə imkanlarına birbaşa təsir göstərməsi nəzərdə tutulur.



No Comment! Be the first one.