AFFA daha bir FIFA referisini cəzalandırdı - VİDEO
AFFA Hakimlər Komitəsi gənc FIFA referisi Tural Qurbanovun cəzalandırıb.
Sportify.az-ın əldə etdiyi məlumata görə, buna Misli Premyer Liqasında VI turun “Qəbələ” – “Neftçi” matçında Qurbanovun sərt hərəkətə göz yumması səbəb olub.
Sentyabrın 18-də Qəbələ şəhər stadionunda keçirilmiş həmin qarşılaşmada o, VAR hakimi olub. 65-ci dəqiqədə “Neftçi”nin macarıstanlı hücumçusu Alen Şkribek “Qəbələ”nin fransalı müdafiəçisi Natan Monzanqonun ayağını arxadan basaraq, əks-hücumun qarşısını alıb.
Baş hakim Cavid Cəlilov gözlərinin qarşısında baş vermiş həmin epizodda “qırmızı” istəməsinə baxmayaraq, Şkribekə sarı vərəqə göstərib. VAR otağından isə epizoda yenidən baxılması barədə bildiriş gəlməyib. Hər halda, Cəlilov VAR-a baxmağa getməyib.
Dördüncü hakim Namiq Bəkirov da epizod zamanı referini kobudluğun dərəcəsi barədə xəbərdar etməyib.
AFFA Hakimlər Komitəsinin sədri Rəhim Həsənov VI turun mübahisəli qərarlarına münasibətini açıqlayarkən, “Qəbələ” – “Neftçi” matçında baş vermiş bu epizodda qərarın yanlış olduğunu etiraf edib.
Nəticədə Cavid Cəlilov və Tural Qurbanov növbəti turlarda hakimlikdən uzaqlaşdırılıb, Namiq Bəkirov isə aşağı liqalara göndərilib.
Oyun “Neftçi”nin qələbəsi ilə yekunlaşıb – 3:0. Mübahisəli epizod zamanı “Qəbələ” 0:1 hesabı ilə geridə olub.

Qurbanov bu cəzadan sonra UEFA U-21 Avropa çempionatının seçmə mərhələsinin oktyabrın 1-də keçirilmiş Yunanıstan – Latviya oyununu idarə edib. Görüşdə dördüncü hakim funksiyasını məhz Cəlilov yerinə yetirib.
Qeyd edək ki, hazırda daha bir FIFA referisi Elçin Məsiyev də cəzalıdır. Məsiyev V turun “Araz-Naxçıvan” – “Turan Tovuz” görüşündə meydan sahiblərinin hesabı 2:2 etməsinə səbəb olan yanlış penalti qərarı verib.
Посмотреть эту публикацию в Instagram



No Comment! Be the first one.