AFFA-nın baş katibi Cahangir Fərəcullayev UEFA-nın milli assosiasiya rəhbərləri ilə görüşü üçün Almaniyanın paytaxtı Berlində olduğu vaxt onun rəhbərlik etdiyi qurumda tənqidi mediaya qarşı növbəti ayrıseçkilik halı yaşanıb.
AFFA-nın Hövsan Yarış Kompleksinə təşkil etdiyi mediaturda tənqidi mövqeyi ilə seçilən media qurumları, o cümlədən Sportify.az kənarda saxlanılıb.
Bakıda keçiriləcək U-15 dünya çempionatı və futbol festivalı üçün inşa edilmiş stadionlarla tanışlıq məqsədi daşıyan tədbirə 30 jurnalist dəvət olunub. Media önünə isə AFFA-nın baş katibinin müşaviri Ramazan Səmədov çıxaraq, media nümayəndələrini kompleks ərazisində müşayiət edib, burada yaradılan futbol meydançaları və digər infrastruktur obyektləri ilə onları yaxından tanış edib.

AFFA-nın mətbuat katibi Aidə Əliyeva seçimə say məhdudiyyətinin təsir etdiyini bildirib: “Mediaturda iştirak üçün 30 jurnalist kvotası ayrılmışdı. Bu məhdudiyyət avtobusdakı yerlər və mediatur zamanı geyilməsi vacib olan dəbilqələrin sayına uyğun müəyyənləşdirilmişdi. Biz də sıx əməkdaşlıq etdiyimiz, tədbirlərimizi müntəzəm işıqlandıran media nümayəndələrinə dəvət göndərdik”.
Ancaq AFFA-nın əsas və aşağı yaş qruplarından ibarət milli komandalarının ev oyunlarını müntəzəm işıqlandıran Sportify.az bu siyahıda olmayıb. Deməli, avtobusda yer və dəbilqə məsələsi iştirakçı sayını izah etsə də, seçimin niyə məhz bu cür aparıldığına aydınlıq gətirmir.
Aidə Əliyeva kənarda qalan jurnalistlər üçün əlavə mediatur təşkil etməyi təklif edib, amma həmin səfərdə “yeni nəsə göstərilməyəcək”. Belə çıxır ki, bir qrup jurnalistə ilkin tanışlıq imkanı yaradılır, digərlərinə isə sonradan eyni obyektlərə baxmaq təklif olunur.
Ən diqqətçəkən məqam isə bu problemin AFFA rəhbərliyinə əvvəllər də çatdırılmasıdır. Hesabat Konfransında qurumun prezidenti Rövşən Nəcəfə jurnalistlərə qarşı ayrıseçkiliklə bağlı şikayət ünvanlanmış, o da media nümayəndələri ilə görüş təşkil edəcəyini bildirmişdi. Lakin nə görüş keçirilib, nə də narazılığa səbəb olan münasibət dəyişib.

Bu vəziyyət istər-istəməz sual yaradır: Cahangir Fərəcullayev AFFA prezidentinin mövqeyinə məhəl qoymurmu? Rövşən Nəcəfin vədi icra olunmursa və eyni narazılıqlar davam edirsə, ya qurum prezidentinin tapşırığı yerinə yetirilmir, ya da onun mövqeyi praktikada heç bir nəticə doğurmur. Hər iki halda, AFFA rəhbərliyi ictimaiyyətə izahat verməlidir.
Mətbuat katiblərinin dəyişməsi, açıqlamaların fərqli şəxslər tərəfindən verilməsi mahiyyəti dəyişmir. Tənqidi media ilə bağlı eyni münasibət təkrarlanırsa, məsuliyyəti yalnız icraçıların üzərinə atmaq mümkün deyil. Bu davranışların arxasında birbaşa baş katibin dayandığı barədə ciddi şübhələr yaranır və Fərəcullayev bu şübhələrə aydınlıq gətirməlidir.
AFFA-nın Media və İctimaiyyətlə Əlaqələr Departamentinin fəaliyyəti də tənqid olunur. Press-relizlər və tədbirlərin təşkili ilə bağlı iradların fonunda şöbə rəhbəri Murad Axundov oktyabrın 1-də vəzifəsindən ayrılıb. Onun həmin vəzifədə cəmi 15 gün çalışması da diqqət çəkir.
Fərəcullayev Berlində Avropa futbolunun rəhbərləri ilə görüşərkən, rəhbərlik etdiyi qurumda Rövşən Nəcəfin jurnalistlərlə görüş vədi belə yerinə yetirilmir. AFFA rəhbərliyi üçün əsas sual budur: Rövşən Nəcəfin açıqladığı mövqe niyə nəticə vermir və tənqidi medianın kənarda saxlanılması nə vaxta qədər davam edəcək?



No Comment! Be the first one.