Ayxan Abbasov dalaşan futbolçuları əfv edəcəkmi?
Anton Krivotsyuk və Abdulax Xaybulayev iyunun 5-də Malta ilə yoldaşlıq oyunundan sonra Azərbaycan millisindən kənarlaşdırılıb.
Sportify.az xatırladır ki, bunun səbəbi görüş vaxtı onların bir-biri ilə dalaşmalarıdır.
Krivotsyuk 2023-cü ilin fevralından Cənubi Koreyanın “Tecon Xana Sitizen” klubunda çıxış edir və hazırda da əsas heyətin daimi üzvüdür. 28 yaşlı mərkəz müdafiəçisi bu klubda 113 matçda 6 qol və 3 məhsuldar ötürmə müəllifi olub.
Millidə ilk oyununu isə o, 2019-cu il martın 25-də səfərdə Litvaya qarşı keçirib. Matç qolsuz yekunlaşıb – 0:0. Artıq Krivotsyuk yığmada 47 oyun keçirib və hətta 1 qol vurub.
“Sabah”da çıxış edən Xaybulayev isə məhz Ayxan Abbasovun baş məşqçi olduğu dövrdən yığmaya dəvət alıb və debüt oyununu 2025-ci il sentyabrın 9-da Ukraynaya qarşı keçirib. 2026-cı il dünya çempionatının seçmə matçı heç-heçə ilə yekunlaşıb – 1:1. Lakin Dağıstan əsilli yarımmüdafiəçi millidə ötən il oktyabrın 10-da Fransaya 0:3 hesabı ilə uduzduqları növbəti qarşılaşmada daha çox bəyənilib.
Bu fikirlə Sportify.az-a müsahibəsində 25 yaşlı mərkəz yarımmüdafiəçisinin özü də razılaşdığını bildirib: “Bəli, düşünürəm ki, performansım daha yaxşı istiqamətdə dəyişib. Həmin oyundan sonra hər şey yüksəlməyə başladı. Sizin fikrinizlə razıyam. Həmçinin millinin baş məşqçisi Ayxan Abbasova təşəkkür etmək istəyirəm. Bu, onun sayəsində baş verdi”.
Xaybulayev 2021-ci ildən çıxış etdiyi “Sabah”da 91 oyun keçirib və 2 qol, 5 məhsuldar ötürmə müəllifi olub. O, əsasən, Premyer Liqa matçlarında əsas heyətdə yer alır, çox vaxt isə meydana sonradan daxil olur.
Görəsən, Krivotsyuk və Xaybulayev Azərbaycan yığmasının qarşıdakı təlim-məşq toplanışına dəvət ediləcəkmi? Bu sualın cavabını Ayxan Abbasov və AFFA rəhbərliyi bilir. Çünki onlar hamının gözü qarşısında dalaşıb. Dəvət almaları üçün isə ilk növbədə, hər iki futbolçu əfv olunmalıdır.
Qeyd edək ki, Azərbaycan millisi sentyabrın 23-də evdə Tacikistanla yoldaşlıq görüşündə, sentyabrın 27-də səfərdə Litva, oktyabrın 1-də və oktyabrın 4-də isə evdə Lixtenşteyn və Litva ilə UEFA Millətlər Liqasının oyunlarında üz-üzə gələcək.



No Comment! Be the first one.