Ayxan Abbasov: Lixtenşteyn əks-hücumlarda yaxşı mübarizə aparır
“Milli komanda olaraq rəqiblərə görə oyun tərzimizi və taktiki sistemimizi dəyişirik. İnanıram ki, futbolçularımız istədiyimiz oyunu nümayiş etdirərək qələbə qazana biləcəklər”.
Sportify.az xəbər verir ki, bunu Azərbaycan millisinin baş məşqçisi Ayxan Abbasov UEFA Millətlər Liqasında Lixtenşteyn yığmasına qarşı keçiriləcək oyun öncəsi mətbuat konfransında deyib.
Baş məşqçi bildirib ki, komandanı qarşıdakı görüşdə fərqli oyun gözləyir:
“Litva ilə oyunumuz tamamilə fərqli futbol idi. Lixtenşteynlə qarşılaşmada müdafiəni yarmaq lazım olacaq. Bunun üçün futbolçularımızın ustalığı və keyfiyyəti yüksək səviyyədə olmalıdır. Bunun üzərində çalışırıq. İnanıram ki, istədiyimiz qolları vuracağıq. Ən vacib məqam isə öz qapımızı qorumaqdır. Çünki rəqib də fürsət gözləyəcək. Onlar əks-hücumlarda yaxşı mübarizə aparırlar”.
A.Abbasov ilk oyundan sonra komandada zədələnən futbolçuların olduğunu da söyləyib:
“İlk oyundan sonra kiçik zədələr çox oldu. Bu gün məşqdən sonra onların hamısı həkim nəzarətində olacaq. Digər futbolçularımızda da xırda zədələr var, amma oynamağa imkan verəcək səviyyədədir. Yorğun olsalar da, futbolçuların hamısı meydana çıxmaq istəyir”.
Mütəxəssis Avropada zəif komanda anlayışının artıq qalmadığını vurğulayıb:
“Milli futbolçular bütün bunlara hazır olmalıdır. Bu gün hansı vəziyyətdəyiksə, ona uyğun olaraq mübarizə aparmalıyıq. Geniş heyətlə çalışmışıq və futbolçularıma inanıram ki, bunu reallaşdıra biləcəyik”.
O, azarkeş dəstəyinin də komanda üçün vacib olduğunu qeyd edib:
“Ümid edirəm ki, sabah azarkeşlərimiz stadionda olacaq. Millimizin buna ehtiyacı var. Futbolçularla söhbət edəndə onların da azarkeş qarşısında oynamaq istədiklərini görürük. Son oyunlarda azarkeşlər komandamızı çox yaxşı dəstəkləyirdilər. Ümid edirəm ki, sabah da millimizə dəstək olacaqlar”.
Baş məşqçi Zamiq Əliyevin milliyə çağırılmaması ilə bağlı suala da münasibət bildirib:
“Futbolçuların hamısı mətbuata müsahibə verir. Mən onları həmişə haqlı sayıram. Hamısı milli komandada oynamaq istəyir. Amma Zamiq yəqin ki, bundan xəbərsizdir, biz onun bütün oyunlarına baxmışıq. Tur başa çatdıqdan sonra xaricdə çıxış edən futbolçuların oyunlarını izləyirəm. Zamiqi də izləyirik. Söhbət Zamiqdən gedirsə, biz necə seçim edirik? Ola bilər ki, məşqçi görüşləri başqadır. Bu gün onun mövqeyində Anton Krivotsyuk, Rəhman Daşdəmirov, Murad Xaçayev var. Biz onlara üstünlük vermişik. Zamiqi bəyənmədiyimiz anlamına gəlmir. Onunla problemim yoxdur. Sabah ona da dəvət gələ bilər. Necə ki, əvvəlki toplanışlarda yaxşı oynayanlar cəlb olunub. Rəhman Çempionlar Liqasında oynayır. Anton Cənubi Koreyada stabil çıxış edir”.


No Comment! Be the first one.