Ayxan Abbasovdan Yankauskasa cavab: Bizdə evlər, ağaclar görünmür
“Onun açıqlamalarını oxudum. Bir səhv fikri var. Yəni, düzgün məlumat verməyib ki, Azərbaycanda milliyə təzyiq göstərilmir. Ona bildirmək lazımdır ki, bizdəki təzyiqin yarısı Litvada yoxdur”.
Sportify.az xəbər verir ki, bunu Azərbaycan millisinin baş məşqçisi Ayxan Abbasov Litva yığmasındakı həmkarı Edqaras Yankauskasın fikirlərinə münasibət bildirərkən deyib.
45 yaşlı mütəxəssisin sözlərinə görə, bir çox ölkədə milliyə diqqət yetirmirlər, büdcələri istənilən səviyyədə deyil: “Amma biz klublara diqqət göstərməyin bəhrəsini görmüşük. Hər il Çempionlar Liqasının, Avropa Liqasının və Konfrans Liqasının əsas mərhələlərində klublarımız çıxış edir, Azərbaycana böyük komandalar gəlir. Lakin Litva klubları belə nəticələri əldə edə bilmirlər. Yankauskas bizim çempionatda yaxşı oyunçuların olması mövqeyindən yanaşıb. Bizim çempionatın bəlkə də ən yaxşı görünməməsinin səbəbi stadionlar, süni işıqlandırma problemi və azarkeş amilidir. Polşada bütün oyunlar dolu tribunalar qarşısında keçirilir. Bizə deyirlər ki, polşalı oyunçu transfer edə bilmirlər. Çünki yerli oyunçular xaricə getmək istəyirlər. Onlar üçün legioner gətirmək daha rahatdır.
Bizdə də dolu tribunalar önündə keçirilən oyunlar var. Gəncə Stadionunda keçirilən oyuna televiziya vasitəsilə baxanda komandaların adları yazılmasa, elə bilərsən ki, görüş başqa ölkədə keçirilir. Çünki azarkeşlər gəlirlər, stadion gözəldir, evlər, ağaclar görünmür. Bunlar önəmlidir və üzərində çalışmaq lazımdır ki, gələcəkdə çempionatımız daha yaxşı səviyyədə olsun”.


No Comment! Be the first one.