Millimizin baş məşqçisi: Sanki Avropanı görməmişik - VİDEO
Azərbaycan millisinin baş məşqçisi Ayxan Abbasov xaricdəki legionerləri yerindəcə izləməsinə verilən reaksiyalara münasibət bildirib.
Sportify.az xəbər verir ki, 45 yaşlı mütəxəssis yanaşmaları təbii saydığını söyləyib.
Onun sözlərinə görə, legionerləri izləmə təcrübəsi bütün ölkələrdə mövcuddur: “Onsuz da yaxşı mənada nə etsən, reaksiya verilir. Hərdən fikirləşirsən ki, nə edim? Öz işini görürsən, reaksiya alırsan. Bu, dünya praktikasında olan bir şeydir. İki yerdə işləyəndə deyirlər ki, klubda çalışma, milliyə vaxt ayıra bilmirsən. Bir yerdə işləyəndə futbolçuları izləməyə gedirik, deyirlər ki, niyə izləyirsiniz, gəzməyə gedirsiniz. Sanki biz Avropanı görməmişik, xarici ölkələrdə olmamışıq”.
Abbasov bildirib ki, səfərlərdə məqsəd başqadır: “Baxın, hansı ölkələrə getmişiksə, inanın ki, orada futbolçumuz barədə fikir dəyişilib. Polşada olanda çox yaxşı qarşılandıq, “Rakuv”un prezidenti ilə görüşdük. Mahir Emreli barədə onlardan müsbət fikirləri eşidəndə bir azərbaycanlı olaraq sevindim. Mahiri necə səylə transfer ediblər, onu komandanın lideri olacağına necə inandırıblar. 6 qol və 2 məhsuldar ötürməsindən danışırdılar, gələcəkdə onu Almaniya “Kayzerslautern”indən birdəfəlik almaq istəyirlər. Bizdən yeni futbolçular haqqında soruşdular ki, daha kim Polşada oynaya bilər. Burada pis bir şey yoxdur. Ona görə də çalışırıq. Türkiyədə “Bursaspor”un oyununda da olduq. Klub rəhbərliyi Toral Bayramovdan çox şey gözləyir. Hazırda adaptasiya prosesi gedir. Çalışırıq ki, digər komandalarımızı da vaxt, qrafik olduqca izləyək. Bunlar bizim işimizdir, etməliyik”.



No Comment! Be the first one.