Nazirləri Respublika Velotrekində - FOTOLAR
Özbəkistanın idman naziri Ədhəm İkramov və Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov Respublika Velotrekini ziyarət ediblər.
Sportify.az xəbər verir ki, qonaqları Azərbaycan Velosiped İdmanı Federasiyasının prezidenti Zaur Axundov və federasiyanın birinci vitse-prezidenti Sahib Ələkbərov qarşılayıblar. Onlar nazirlərə ölkəmizdə velosiped idmanının inkişafı istiqamətində görülən işlər və Respublika Velotrekində idmançıların hazırlığı üçün yaradılan şərait barədə məlumat veriblər.
Səfər çərçivəsində nazirlər velotrekdəki məşq imkanları, Velosiped Muzeyi, eləcə də məşqçilər və idmançıların qalması üçün nəzərdə tutulan mini-otellə tanış olublar. Onlar burada məşq edən uşaqların hazırlıq prosesini də izləyərək gənc nəslin velosiped idmanına cəlb olunması və gələcək peşəkar idmançıların yetişdirilməsi istiqamətində görülən işlərlə maraqlanıblar.
Görüş zamanı müasir idman infrastrukturunun velosiped idmanının kütləviliyinin artırılması, istedadlı uşaqların erkən yaşlarda aşkar edilməsi və onların peşəkar hazırlığının təmin olunmasındakı əhəmiyyəti vurğulanıb.
Ədhəm İkramov və Fərid Qayıbov idmançılar, məşqçilər, Respublika Olimpiya Ehtiyat Qüvvələri İxtisaslaşdırılmış Uşaq-Gənclər Velosiped Məktəbinin direktoru Gülnarə Məlikova və Azərbaycan Velosiped İdmanı Federasiyasının Tibb Xidmətinin rəhbəri Leyla Cahani ilə də söhbət ediblər.
Respublika Velotrekində yaradılmış şəraitlə tanışlıqdan sonra Özbəkistanın idman naziri Ədhəm İkramov idman infrastrukturunu yüksək qiymətləndirib və Azərbaycanla Özbəkistan arasında idman əlaqələrinin daha da genişləndirilməsinin vacibliyini vurğulayıb.















No Comment! Be the first one.