Millimiz İsrailə qalib gəldi
Azərbaycan millisi Bakıda keçirilən 15 yaşadək futbolçular arasında dünya çempionatı və festivalında növbəti qələbəsini qazanıb.
Sportify.az xəbər verir ki, Famil Xəlilovun baş məşqçisi olduğu komanda qrup mərhələsinin IV turunda İsrail yığmasını 3:1 hesabı ilə məğlub edib.
Hövsan İdman Kompleksinin 10A nömrəli meydançasında keçirilən görüşdə hesabı 4-cü dəqiqədə “Ulduz” akademiyasının futbolçusu Yusif Əlizadə açıb. O, cəmi iki dəqiqə sonra fərqi artıraraq dubl edib. 16-cı dəqiqədə isə “Neftçi”nin oyunçusu Qafar Babayev penaltini dəqiq yerinə yetirib. İsrail yığması matçda yeganə qolunu 36-cı dəqiqədə vurub.
Beləliklə, Azərbaycan millisi turnirdə dörd oyundan sonra 9 xal toplayıb. Komanda qrupda Haiti yığmasından yalnız vurduğu qolların sayına görə geri qalaraq 3-cü yerdə qərarlaşıb.
Qeyd edək ki, yığma əvvəlki görüşlərdə Şərqi Timoru 6:0, Andorranı 1:0 hesabı ilə məğlub edib, Avstraliyaya isə 1:3 hesabı ilə uduzub.
Qrupun digər oyunlarında Haiti Andorraya 2:1, Avstraliya isə Şərqi Timora 11:1 hesabı ilə qalib gəlib.
Qrupda son turun oyunları həlledici olacaq. Azərbaycan millisi bu gün saat 18:15-də Haiti ilə qarşılaşacaq. Görüşdə qrupun ikinci pilləsinin taleyi müəyyənləşəcək.
İkinci yeri tutacağı halda, təşkilatçı ölkə növbəti mərhələdə “B” səviyyəsində mübarizə apararaq 33–64-cü yerlər uğrunda yarışacaq. Üçüncü pillə isə Azərbaycan yığmasını “C” səviyyəsinə, 65–96-cı yerlər uğrunda mübarizəyə aparacaq.
Xatırladaq ki, turnirdə iştirak edən 189 komanda qrup mərhələsindən sonra tutduqları yerlərə uyğun olaraq altı səviyyəyə bölünəcək. Qruplarını birinci pillədə başa vuran yığmalar “A” səviyyəsində dünya çempionluğu uğrunda mübarizə aparacaqlar. Digər komandalar isə qrupdakı mövqelərinə uyğun olaraq “B”, “C”, “D”, “E” və “F” səviyyələrində çıxış edəcəklər.
Turnirin bütün səviyyələrində həlledici oyunlar oktyabrın 30-da keçiriləcək. Final qarşılaşmalarına “Kristal Holl” ev sahibliyi edəcək.



No Comment! Be the first one.