Dambrauskas: "Turan Tovuz"a qarşı oyunda taktiki səhvlər etdim"
“Turan Tovuz”a qarşı oyunda taktiki səhvlər etdim, məsuliyyət mənim üzərimdədir”.
Sportify.az xəbər verir ki, bu sözləri “Turan Tovuz”la oyunda məğlub olan “Sabah”ın (2:3) baş məşqçisi Valdas Dambrauskas matçdan sonra mətbuat konfransında bildirib.
– Oyunla bağlı nə düşünürsünüz?
– İlk növbədə “Turan Tovuz”u qələbə münasibətilə təbrik edirəm. Düşünürəm ki, bu gün rəqibimiz bizdən daha yaxşı oynadı və qələbəyə layiq idi. Stadionda gözəl atmosfer var idi. Çox qollu, mübarizəli və emosional qarşılaşma izlədik. Öz komandamıza gəlincə, ilk növbədə məsuliyyəti üzərimə götürürəm. Bir neçə taktiki səhvə yol verdim. Hesab 0:2 olduqdan sonra həmin səhvləri aradan qaldırmaq artıq çətin idi. İkinci hissədə futbolçular əllərindən gələni etdilər. 0:3 hesabı ilə geridə olarkən iki qol vurmağımız və bərabərliyi əldə etməyə yaxınlaşmağımız komandanın xarakterini göstərir. Bu, çempion xarakteridir. Lakin ilk hissədə rəqibə müdafiəmizin arxasına keçmək və çoxsaylı qol vəziyyətləri yaratmaq imkanı verdik. Bu, mənim taktiki planımla bağlı idi.
– Qarşıda Çempionlar Liqasında vacib oyun var. Sıx qrafikdə komandanı psixoloji və fiziki baxımdan həmin qarşılaşmaya necə hazırlayacaqsınız?
– Artıq altı oyundur ki, çox sıx qrafikdə çıxış edirik. Hər üç-dörd gündən bir oyunumuz olur və məşqlərə kifayət qədər vaxtımız qalmır. Adətən bir taktiki məşq və bir neçə videoiclasla qarşılaşmalara hazırlaşırıq. Bu dəfə də eyni qaydada olacaq. Bu gün Bakıya qayıdacağıq. Sabah futbolçulara istirahət verəcəyik. Bazar günü məşqimiz olacaq. Oynamış futbolçular bərpa məşqi keçəcək, digərləri isə ayrıca çalışacaqlar. Bazar ertəsi daha bir məşqimiz olacaq və sonra Norveçə yollanacağıq. Sıx qrafik və səfər bərpa prosesinə təsir göstərə bilər. Amma Çempionlar Liqasında oynamaq bizim üçün böyük məsuliyyətdir. Çərşənbə günü mümkün olan ən yaxşı formada meydana çıxmağa çalışacağıq.
– Simiç və Umaralinin vəziyyəti necədir? Onların “Vikinq”lə oyunda meydana çıxmaq ehtimalı varmı?
– Umarali hazırdır. Sadəcə bu gün ona istirahət vermək qərarına gəldik. Onu oyun tonusunda saxlamaqla yanaşı, bir qədər dincəlməsini də istəyirdik. Simiçin isə kiçik zədəsi var. Onun vəziyyətini izləyəcəyik. Çərşənbə gününə qədər hazır olması sual altındadır. Meydana çıxmaq ehtimalı çox azdır, amma gözləyək və görək.
– “Vikinq” son 14 oyunda məğlub olmayıb. Bu seriyanı dayandırmaq və səfərdən müsbət nəticə ilə qayıtmaq nə dərəcədə realdır?
– Çempionlar Liqasında hər oyun çətindir. Azərbaycan çempionatında da səhvlərə yol verdikdə qarşılaşmalar bizim üçün çətin keçir. Rəqibin 14 oyundur məğlub olmaması bizi mübarizədən çəkindirməməlidir. Biz ora gedib oynamalı, mübarizə aparmalı və oyundan istədiyimiz nəticəni əldə etməyin yolunu tapmalıyıq. Rəqibin zəif tərəflərini öyrənəcəyik və özümüzə uyğun nəticə ilə qayıtmağa çalışacağıq.



No Comment! Be the first one.