Azər Bağırov: Hakimlərin işinə gələcəkdə də qarışmayacağam
“Şamaxı”nın baş məşqçisi Azər Bağırov evdə “Araz-Naxçıvan”a 2:1 hesabı ilə qalib gəldikləri Misli Premyer Liqasının VI tur matçından sonra mətbuat konfransı keçirib.
Sportify.az xəbər verir ki, 41 yaşlı mütəxəssis əvvəlcə oyunu dəyərləndirib:
– İlk növbədə, xalqımızı 20 Sentyabr – Dövlət Suverenliyi Günü münasibətilə təbrik edirəm. Torpaqlarımızın azadlığı uğrunda canından keçmiş bütün şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə cansağlığı diləyirəm. Oyuna gəlincə, çətin keçəcəyini bilir, rəqibin daha çox hücum edəcəyini gözləyirdik. Ötən 6 tur ərzində bəlkə də ən həyəcanlı matçlarımdan biri idi. Çünki real epizodları dəyərləndirə bilmədikdə qarşılığını görürsən. Belə epizodlar məni həddindən artıq üzür. Lakin irəliyə baxıb həm müdafiədə, həm də hücumda daha yaxşı, daha səlis oynamağa çalışacağıq. Azarkeşlərimizə dəstəyə görə təşəkkür edirəm.
– Bu mövsüm “Şamaxı”nın lehinə ilk dəfə penaltilər təyin olundu. Cari mövsümdə hakim qərarlarını necə qiymətləndirirsiniz?
– İnanın ki, həmin mövzuda ümumiyyətlə düşünmürəm, sadəcə siz xatırlatdınız. Hakimlərin işinə qarışmaq istəmirəm, gələcəkdə də qarışmayacağam. Bəzən emosional davrana bilərik, amma şükürlər olsun ki, komanda sırf futbol oynamağa köklənib. Təkcə arxada oturub əks-hücum gözləmirik, vaxtında pressinq etməyə, epizodlar yaradıb dominant oyun nümayiş etdirməyə çalışırıq.
– İki penaltini də dəqiq yerinə yetirən Rikardo Apolinario və qələbədə böyük pay sahibi olan Rikardo Fernandesin çıxışını necə dəyərləndirirsiniz?
– Ehtiyat oyunçular skamyasında oturan futbolçunun da qələbədə payı az olmadı. Hətta bəzən onların dəstəyi meydandakılardan da çox olur. Çünki baş məşqçinin də, futbolçunun da bu ruh yüksəkliyinə ehtiyacı var. Məncə, çox mehriban kollektivimiz var və əsas üstünlüyümüz də məhz ailə ola bilməyimizdədir.


No Comment! Be the first one.