Zaur Həşimov: Bu məğlubiyyət daha acı oldu
“Acınacaqlı məğlubiyyət oldu. Açığı, bütün məğlubiyyətlər bizə pis təsir edirdi, amma bu məğlubiyyət sanki daha acı oldu”.
Sportify.az xəbər verir ki, bunu “Şəfa”nın baş məşqçisi Zaur Həşimov səfərdə “Şamaxı”ya 2:3 hesabı ilə uduzduqları Misli Premyer Liqasının VII tur matçından sonra mətbuat konfransında deyib.
45 yaşlı mütəxəssisin sözlərinə görə, komandası görüşü heç də pis keçirməyib: “İkinci hissədə 2:0 hesabı ilə öndə idik. Lakin boş qapıya 2 topu vura bilmədik. Bu cür yaxşı epizodlarımız oldu. Öz səhvlərimizdən 3 top buraxdıq. İkinci qolu meydanın ortasında top itkisindən buraxdıq. Üçüncü qola gəldikdə, isti-isti cavab vermək istəmirəm, amma görünən budur ki, topa əllə toxunuş var idi. Yəni, gözləmədiyimiz səhvlər etdik”.
Həşimov daha sonra əlavə edib: “Hazırda emosiyaların təsiri altındayam. Çox da danışılası söz yoxdur. Oyunumuzu detallı analiz etdikdən sonra məğlubiyyətimizin səbəblərini biləcəyik”.



No Comment! Be the first one.