"Azarkeşlərin Qurban Qurbanova qarşı davranışı xoşuma gəlmədi" - Şahrudin Məhəmmədəliyev
“Qarabağ”ın qapıçısı Şahrudin Məhəmmədəliyevin evdə “Neftçi” ilə 3:3 hesablı heç-heçə etdikləri Misli Premyer Liqasının VIII tur matçından sonra Sportify.az-a müsahibəsi
– Qarşılaşmanı necə dəyərləndirərdiniz?
– Belə oyunlara yaxşı hazırlaşırıq. “Neftçi” indi ən yaxşı formadadır, ən çox qol vuran komandadır. “Sabah” da yaxşı oynayır. Bugünkü oyunu heç-heçə ilə bitirdik. Sevinirəm. Hər şey yaxşı olacaq.
– 1:3 hesabı ilə geriyə düşdükdən sonra nəticəni dəyişəcəyinizə inanırdınız?
– Bizim də çox yaxşı futbolçularımız var, amma bir az da şansımız gətirdi. Nəticədə qollar vuraraq, heç-heçəyə nail olduq.
– Bu nəticə çempionluq yarışına təsir göstərəcək?
– İndi çempionatda vəziyyət bir qədər çətindir. Görürsünüz, bəzi komandalar 11 legionerlə oynaya bilirlər. Dünyanın hər yerində belədir. İngiltərəyə baxın, orada da legionerlər çoxdur. Amma məncə, bizim azərbaycanlı futbolçularımız arasında da çox güclü oyunçular var. “Neftçi”də kimlərin oynadığına baxın. Emin Mahmudov, Rüfət Abbasov, Elvin Bədəlov, Emil Səfərov, Emil Balayev oynayır. Ona görə də hazırda çempionatda mübarizə aparmaq bir qədər çətindir. Amma sona qədər vuruşacağıq.

– Uzun müddətdən sonra oyuna çıxdınız. Bu, sizə müəyyən qədər problem yaratmadı?
– Psixoloji cəhətdən hazıram. Məncə, problem yoxdur. Bəzən az oynayanda və uzun müddətdən sonra meydana çıxanda müəyyən çətinliklər olur. Qapıçılar üçün müntəzəm oynamaq çox vacibdir. Qarşıdakı oyunlarda daha yaxşı çıxış edə bilərəm. Mən həmişə oynasam, qollar buraxmamağa çalışacağam.
– Oyunun sonlarında sizin ikinci qolunuzdan əvvəl “Neftçi” azarkeşləri Qurban Qurbanova hörmətsizlik etdilər. Bu, sizə necə təsir etdi?
– Bu, mənim xoşuma gəlmədi. Niyə baş məşqçiyə qarşı belə davranırsınız? Qurban müəllim Azərbaycanda hər zaman hörmət edilən insandır. O, bizim bayrağımızı təmsil edir. Qurban müəllimə bir az hörmət etmək lazımdır. Başa düşürəm, bəlkə də, xarici məşqçi olsaydı, onunla daha yaxşı danışardınız. Amma Qurban müəllimin də öz xarakteri var. Yenə deyirəm, bu, mənim xoşuma gəlmədi. Amma azarkeşlərdir də, belə edirlər.
– Növbəti matçınız “Sabah”a qarşı olacaq. Gözləntiləriniz nələrdir?
– Qol vurmaq və qalib gəlmək lazımdır. “Sabah”la oyunun nə qədər vacib olduğunu Azərbaycanda hamı bilir. Çempionluq uğrunda mübarizə aparan ən yaxşı komandadır, Çempionlar Liqasında çıxış edir. Biz də yaxşı hazırlaşırıq. Yaxşı oyun olacaq. Hamını “Dalğa Arena”da gözləyəcəyik.
– “Sabah” “Qarabağ” qarşısına Almaniyanın “Borussiya Dortmund” komandasına qarşı Çempionlar Liqasının əsas mərhələsinin III tur matçından sonra çıxacaq. Bu, sizə onların yorğun olma ehtimalları baxımından üstünlük verəcəkmi?
– Biz “Sabah”la Çempionlar Liqası matçından 5 gün sonra – oktyabrın 25-də oynayacağıq. “Borussiya Dortmund”la qarşılaşmadan üç gün deyil, beş gün sonra keçiriləcək. Problem yoxdur. “Sabah”da çox yaxşı futbolçular var, heyətləri genişdir. Təxminən 20-24 futbolçu var. Məncə, bu, böyük problem deyil.
Bahar RÜSTƏM



No Comment! Be the first one.