Azər Məmmədov: Məğlubiyyət acıdır, ancaq artıq növbəti oyunlarımıza baxmalıyıq
“Keçmiş olsun. İlk növbədə möhtəşəm azarkeşlərimizə təşəkkürümü bildirmək istəyirəm. Məğlub olmağımıza baxmayaraq, bizi sonadək dəstəklədilər. Komandamızın adından bu möhtəşəm azarkeşlərimizdən üzr istəyirəm”.
Sportify.az xəbər verir ki, bunu “Kəpəz”in baş məşqçisi Azər Məmmədov Premyer Liqanın IV turunda “Şamaxı”ya 1:5 hesabı ilə məğlub olduqları oyundan sonra keçirilən mətbuat konfransında deyib.
Baş məşqçi futbolun nəticələrlə zəngin olduğunu bildirib:
“Bu futboldur. Futbolda qələbə də olur, məğlubiyyət də. Çempionat yeni başlayıb. Səhvlərimizin üzərində işləməli və daha da inkişaf etməliyik. Etiraf edim ki, komandamız yenidir və hələlik sabitlik çatışmır. Çalışacağıq ki, bu sabitliyi bərpa edək və komandamız daha stabil çıxış etsin”.
Məmmədov qarşılaşmanın gedişindən də danışıb:
“Oyuna pis başlamadıq. Sadəcə, öz səhvlərimizdən buraxdığımız iki qoldan sonra komandanı toparlamaq çətin oldu. Birinci hissə, ümumilikdə, “Şamaxı”nın üstünlüyü ilə keçdi. Fasilədə futbolçuları toparlamağa çalışdıq. İkinci hissədə komanda özünə gəldi və təxminən 15 dəqiqə ərzində meydanda istədiyimiz oyunu nümayiş etdirdi. Həmin vaxt bir qol da vura bildik. Düşünürəm ki, oyunu davam etdirsəydik, bu qolun ardı da gələ bilərdi. Lakin top rəqibdən çıxdığı halda, hakimin onların lehinə verdiyi aut qərarından sonra buraxdığımız üçüncü qol oyunun dönüş anı oldu. Bundan sonra futbolçuları toparlamaq bir qədər çətinləşdi. Hər şeyə rəğmən, futboldur, məğlubiyyət də olur. Amma uşaqlar çalışdılar. Düşünürəm ki, daha çox çalışmalıyıq”.
50 yaşlı mütəxəssis məğlubiyyətin komandanın əvvəlki turdakı qələbəsindən sonra yaranan eyforiya ilə bağlı olmadığını söyləyib:
“Eyforiyada olduğumuzu düşünmürəm. Bu məsələ ilə bağlı demək olar ki, hər gün futbolçularla ünsiyyətdə idim. Mən də belə bir halın baş verəcəyindən qorxurdum. Sadəcə, bu gün, xüsusilə də ilk hissədə oyunumuz alınmadı. Böyükhesablı məğlubiyyət, əlbəttə, acıdır. Amma bu futboldur. Futbolçular da belə nəticəni, uduzmağı istəməzdilər. Keçən həftə qələbəyə sevinmişdik, bu həftə isə üzülürük”.
Baş məşqçi Rafael Məhərrəmli ilə bağlı qərarına da aydınlıq gətirib. O, futbolçunun fasilədə əvəzlənməsinin taktiki dəyişiklik olduğunu qeyd edib:
“Bu, taktiki dəyişiklik idi. Rafael bir qədər hücuma meyllidir. Evdə, möhtəşəm azarkeşlərimizin qarşısında oynadığımız üçün daha çox hücumameyilli futbol nümayiş etdirmək və onun cəldliyindən və asmalarından istifadə etmək istəyirdik. Təəssüf ki, ilk hissə tam istədiyimiz kimi alınmadı. Ona görə də fasilədə Rafaeli əvəzləmək qərarına gəldik”.
Baş məşqçi qarşıdakı iki ev oyununun komanda üçün əlavə təzyiq yaratmayacağına ümid etdiyini bildirib:
“Düz deyirsiniz, rəqiblər bizə uyğun komandalardır. Bu məğlubiyyətdən sonra futbolçuların özünə gəlməsi vacibdir. Mən onlarla psixoloji söhbətlər aparmalı və futbolda məğlubiyyətin, qələbənin, eləcə də heç-heçənin normal olduğunu çatdırmalıyam. İnanıram ki, “Qəbələ”yə qarşı qarşıdakı oyunda fərqli “Kəpəz” görəcəyik və futbolçularımız da fərqli çıxış edəcəklər”.
O, komandada çoxsaylı sarı vərəqələrin alınmasına da münasibət bildirib:
“Komandamız ümumən birinci hissədə zəif çıxış etdi. İlk zərbəni 31-ci dəqiqədə vurduq, razıyam. Hər şeyə rəğmən, öz oyunumuzu sərgiləməyə çalışırdıq. Bəzən alınmırdı. Məğlubiyyət acıdır, amma növbəti oyunlara baxmalıyıq. Futbol təmas oyunudur. Kontakt olan oyunda sarı və qırmızı vərəqələr də olur. Futbolumuz getdikcə sürətlənir. Sürətli futbolda, əlbəttə, sarı və qırmızı vərəqələr olacaq. Ona görə də buna normal baxıram. Say baxımından 5 və ya 6 ola bilər, amma düşünürəm ki, bu, normal haldır”.
O, çoxsaylı sarı vərəqələrin gələcəkdə komandaya problem yarada biləcəyini də etiraf edib:
“Əlbəttə, sarı vərəqə xəbərdarlıqdır. Futbolçulardan hansısa dörd sarı vərəqə alsa, bir oyunu buraxacaq və bu, bizim üçün itki olacaq. Amma yenə də qeyd etdiyim kimi, futbol kontakt oyunudur. Sarı vərəqəsiz futbol mümkün deyil, qırmızı vərəqəsiz də mümkün deyil”.


No Comment! Be the first one.