Azərbaycan hakimliyi adına utanc - PFL AFFA-ya müraciət etdi
Azərbaycanın Kubokunun II təsnifat mərhələsində “Səbail” – “Zirə” matçında ölkə hakimliyi adına rəzalət yaşanıb.
Sportify.az xəbər verir ki, baş hakim Səbuhi Bayramov “Səbail”in futbolçusu Samuel Nonqoha iki dəfə sarı vərəqə göstərsə də, onu qırmızı vərəqə ilə meydandan qovmayıb.
Kamerunlu sağ cinah yarımmüdafiəçisi ilk sarı vərəqəni 68-ci dəqiqədə rəqibi tutduğu üçün alıb.
Növbəti sarı vərəqə isə 80-ci dəqiqəyə təsadüf edib. 22 yaşlı vinger yenə kobudluğa yol verdiyi üçün cəzalanıb.
Bu zaman dördüncü hakim Vaqif Vəliyev baş hakim Səbuhi Bayramova Nonqohun ikinci dəfə sarı vərəqə aldığını xatırladıb və qırmızı vərəqə ilə meydandan kənarlaşdırılmalı olduğunu bildirib.

Bayramov əlini qırmızı vərəqəyə atmaq istədiyi vaxt “Səbail”in futbolçuları etiraz etməyə başlayıblar. Referi kiçik məsləhətləşmələrdən sonra belə qənaətə gəlib ki, Nonqoh ikinci yox, ilk dəfə sarı vərəqə alıb və ona görə də kamerunlu legioner meydanda saxlanılır.
Bu olaydan sonra “Səbail” bərabərlik qolunu vurur və əsas vaxt 1:1 hesablı heç-heçə ilə yekunlaşdığı üçün oyun əlavə vaxta gedir. Yalnız bu zaman Nonqoh meydanı tərk edir. Amma qırmızı vərəqə aldığı üçün yox, komanda yoldaşı Ehtiram Şahverdiyevlə əvəzləndiyinə görə.
Beləliklə, Səbail” qarşılaşmanı 11 futbolçu ilə başa vurur. Əlavə vaxtda da tərəflər hərəyə bir dəfə fərqlənirlər və penalti seriyasında “Zirə” 3:2 hesabı ilə qalib gələrək, mərhələ adlayır.
Sual yaranır: “Zirə” referi adına bu biabırçılıq üzündən mərhələ adlamasaydı, nəticəyə etiraz etməyəcəkdi? Etiraz edəcəyi halda, oyun yenidən keçirilməyəcəkdi?
Çünki söhbət əsasnamə pozuntusundan gedir. Bu isə oyunun yenidən keçirilməsi deməkdir.

Peşəkar Futbol Liqasının Media və marketinq direktoru Sənan Abdullayev Sportify.az-a bildirib ki, hadisə ilə əlaqədar AFFA İntizam Komitəsinə məlumat veriləcək. O, əsasnamənin 19-cu maddəsinin 16-cı bəndinə əsasən bu addımı atacaqlarını açıqlayıb. Həmin bənddə deyilir: “Hakim ikinci sarı vərəqə verdiyi halda futbolçunu meydandan qovmağı unudursa və ya bir neçə dəqiqədən sonra səhvə yol verdiyini xatırlayıb gec də olsa, həmin futbolçunu meydandan qovursa, bu barədə AFFA İntizam Komitəsinə məlumat verilir”.
Qeyd edək ki, hələlik AFFA İntizam Komitəsi qərar qəbul etməyib.



No Comment! Be the first one.