AFFA İntizam Komitəsi I Liqanın VI turunda keçirilən “Şahdağ Qusar” – “Səbail” oyunu ilə bağlı qərarlar qəbul edib.
Sportify.az xəbər verir ki, qarşılaşmada “Səbail”in futbolçusu Pərviz Azadov 69-cu dəqiqədə ikinci sarı vərəqə alaraq meydandan qovulduğu üçün 1 oyunluq cəzalanıb. Klub buna görə 150 manat cərimələnib.
Matçda “Səbail”in 4 futbolçusu sarı vərəqə aldığı üçün komandaya əlavə olaraq 210 manat cərimə tətbiq edilib.
Görüşün 85-ci dəqiqəsində “Səbail” azarkeşlərinin meydana kənar əşya atması kluba 600 manata başa gəlib.
Oyundan sonra azarkeşlərin hakimlərin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirməsinə görə “Səbail” 1500 manat cərimələnib.
İntizam Komitəsi qarşılaşmadan sonra baş verən digər insidentlərlə bağlı da sərt qərarlar verib. Klub prezidenti Mirzə Bayrampur dəhlizə daxil olaraq hakimləri təhqir etdiyinə və onlara hədə-qorxu gəldiyinə görə 4 oyunluq cəzalandırılıb. “Səbail” bu hadisəyə görə 3000 manat cərimə ödəyəcək.
Komandanın futbolçusu Rubin Seyidov da eyni səbəbdən 4 oyunluq cəza alıb. Onun hakimləri təhqir etdiyi və onlara hədə-qorxu gəldiyi bildirilir. Klub bu insidentə görə daha 3000 manat cərimələnib.
Beləliklə, AFFA İntizam Komitəsinin qərarlarına əsasən, “Səbail”ə ümumilikdə 8 460 manat cərimə tətbiq olunub. Mirzə Bayrampur və Rubin Seyidov isə 4 oyunluq cəza alıblar.



No Comment! Be the first one.