“Bəyin oğurlanması”nda bəy qaçırılırdı, Gəncədə isə azarkeş qaçırılmamalıdır!
Ötən tur “Kəpəz”in oyununu Gəncə Stadionunda canlı izləmişdim, bu gün isə qarşılaşmanı televiziya ilə izləyirəm. Televizorda nə qədər yaxşı göstərsələr də, dolu stadionun verdiyi zövqü vermir.
Gəncə Stadionunda tribunaların dolu olması həqiqətən gözəl mənzərədir. Azarkeşin səsi, alqışlar, emosiyalar… Adam düşünür ki, nəhayət, Gəncədə futbol yenidən toy-bayram ab-havasına qayıdır.
Burada “Kəpəz” rəhbərliyinin də haqqını vermək lazımdır. Azarkeşi stadiona gətirmək üçün yaxşı təbliğat işi aparılıb. Yəni bəy tapılıb, qonaqlar çağırılıb, süfrə açılıb, musiqiçilər də hazır vəziyyətdədir.
İndi isə “Bəyin oğurlanması” filmindəki məşhur sualı vermək olar: Bəs nə etmək lazımdır?
Əlbəttə, oynamaq!
Çünki klub rəhbərliyi düşüb futbolçuların, komandanın əvəzinə oynayası deyil ki… Onlar öz işini görüb azarkeşi stadiona gətiriblər. Azarkeş də öz işini görüb – tribunaları doldurub. İndi növbə futbolçularındır.
Üstəlik, ilk yarıda komandalar arasında baş verən insident də oyuna bir az “duz-istiot” qatdı. Azarkeş üçün belə emosiyalar da futbolun bir hissəsidir. Amma insident yaxşıdır, əsas yemək isə futbol olmalıdır.
Əsas məsələ isə budur: azarkeşi bir dəfə stadiona gətirmək başqa, onu hər həftə stadiona qaytarmaq tamam başqa məsələdir.
Bunun əsas şərti də nəticədir.
“Şamaxı” kimi ortabab komandaya 1:4 hesabı ilə uduzsan, dolu tribunaların sabah da eyni vəziyyətdə qalacağına zəmanət yoxdur. Azarkeş “Sabah”a, “Qarabağ”a, “Neftçi”yə uduzmağı müəyyən qədər həzm edə bilər. Çünki qarşıda iddialı komandalar var. Amma ortabab rəqibə belə hesabla məğlubiyyət artıq başqa söhbətdir.
Sanki “Kəpəz”də “Turan Tovuz”u udmaqla missiyanı yetirdiklərinə dair fikir formalaşmışdı. Amma “Şamaxı”ya böyük hesablı məğlubiyyət həm də Tovuz komandasının hazırlıq səviyyəsinin necə acınacaqlı olmasını ortaya çıxardı. Yəni, Qərb derbisində qalib gələn “Kəpəz” “Şamaxı”ya 1:4 hesabı ilə uduzursa, görün, “Turan Tovuz” nə vəziyyətdədir?! Başqa sözlə, derbi qələbəsi Gəncə komandası üçün etalon sayıla bilməz.
Dövlət Nizami yurduna gözəl, müasir stadion bəxş edib. Klub azarkeşi stadiona gətirir. Azarkeş tribunaları doldurur. Yəni “Bəyin oğurlanması”ndakı toy üçün lazım olan nə varsa, demək olar ki, hazırdır.
İndi əsas məsələ bəyi qaçırmamaqdır!
Çünki Gəncədə futbolun “bəy”i “Kəpəz”dirsə, azarkeş də toyun ən vacib qonağıdır. Qonağı bir dəfə çağırıb, sonra onu məyus yola salmaq olmaz.
Gəncə öz işini görür. Stadionu doldurur, komandasına inanır, dəstək verir.
İndi “Kəpəz” də meydana çıxıb öz işini görməlidir.
Bəy tapılıb, qonaqlar gəlib, stadion dolub. İndi “Bəyin oğurlanması” yox, “Kəpəzin oynaması” lazımdır!



No Comment! Be the first one.