Bakı şəhər çempionatının açılış mərasimi keçirildi və finalçılar bəlli oldu
Azərbaycan Kamandan Oxatma Federasiyası, eləcə də Bakı Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Hövsan Olimpiya İdman Kompleksində keçirilən kamandan oxatma üzrə Bakı şəhər çempionatının rəsmi açılış mərasimi baş tutub.
Sportify.az xəbər verir ki, tədbirdə çıxış edən Azərbaycan Kamandan Oxatma Federasiyasının baş katibi Fərid Xəlilov iştirakçıları salamlayaraq, yarışın əhəmiyyətini vurğulayıb və idmançılara mübarizədə uğurlar arzulayıb. U-15 və böyüklər kateqoriyaları üzrə təşkil olunan çempionatda ümumilikdə 50-yə yaxın idmançı qüvvəsini sınayıb.
Gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən ilkin mərhələ görüşlərinin nəticələrinə əsasən, hər iki kateqoriya üzrə finalçılar müəyyənləşib.
U15 kateqoriyasında 40 metr məsafədə oğlanlar arasında qızıl medal uğrunda İsmayılov Məhəmməd ilə Məmmədov Əli, bürünc medal uğrunda isə İsmayılov Əhməd ilə Məmmədli Saleh qarşılaşacaqlar. Həmin kateqoriyada qızlar arasında qızıl medal uğrunda Məmmədova Banu ilə Rüstəmli Sona, bürünc medal uğrunda isə İbrahimli Məryəm ilə Novruzova Ayşənur mübarizə aparacaqlar. Böyüklər kateqoriyasında 70 metr məsafədə kişilər arasında qızıl medal uğrunda Məhərrəmov Hüseyn ilə Dadaşov Salman, bürünc medal uğrunda isə Babacanov Nurlan ilə Vəliyev Sərdar üz-üzə gələcəklər. Qeyd olunmalıdır ki, bürünc medal uğrunda mübarizə aparacaq paralimpiyaçı idmançı Nurlan Babacanovun bu mərhələyə yüksəlməsi yarışın xüsusi qürurverici məqamlarından biri olub. Qadınların yarışında isə qızıl medal uğrunda Hüseynli Fatimə ilə Ramazanova Yaylagül, bürünc medal uğrunda isə Sadıqova Dilguşə ilə Heybətova Şəms güclərini sınayacaqlar.
Çempionatın böyük final görüşləri sabah keçiriləcək. Yekunda qalib gələn idmançılara fəxri diplomlar və medallar təqdim olunacaq.



No Comment! Be the first one.