Fərəcullayev regional federasiyalardan nəyi xahiş etdi? - EKSKLÜZİV
AFFA-nın baş katibi Cahangir Fərəcullayev bölgələrdəki futbol qurumlarının rəhbərləri ilə görüşüb.
Bu barədə Sportify.az-a Regional Futbol Federasiyasının (RFF) prezidenti İskəndər Cavadov məlumat verib.
Veteran futbolçu bildirib ki, geniş tərkibdə toplantı zamanı Fərəcullayev hər bir bölgə üzrə futbola cavabdeh şəxslərin fikirlərini dinləyib. Yerlərdə uşaq və gənclər futbolu ilə yanaşı, meydançaların vəziyyəti, mövcud problemlər müzakirə olunub.
Cavadovun sözlərinə görə, iclas kifayət qədər konstruktiv alınıb. AFFA-nın gələcəkdə bölgələrdə futbolun inkişafı istiqamətində işləri sürətləndirməsinə çalışacağı ifadə olunub: “Mən görüşdə dedim ki, regionlarda futbol inkişaf etdirilməsə, böyük problemlər olacaq. Bölgələrdə uşaq futbolu və meydançalar faktiki yox səviyyəsindədir. Yaınız paytaxtla futbolu qaldıra bilmərik. Futbolun inkişafı bölgələrdən asılıdır”.
Öz növbəsində, baş katib regional federasiyaların rəhbərlərindən də çox şeyin asılı olduğunu söyləyib: “Cahangir müəllim xahiş etdi ki, siz də aktiv olun, yerli icra hakimiyyətləri və əlaqədar strukturlarla, o cümlədən, sponsorlarla sıx əlaqədə işləyin. Qalan məsələlərdə isə AFFA da əlindən gələn köməyi göstərəcək”.
Cavadov onu da əlavə edib ki, milli assosiasiya bölgələrdə stadionların təmiri istiqamətində işlərə başlamaq istəyir. Lakin bu, müəyyən səbəblərdən hazırda gerçəkləşmir.
Qeyd edək ki, daha əvvəl AFFA-nın baş katibi ilə regional federasiyaların rəhbərləri arasında görüş martın 19-da keçirilib.



No Comment! Be the first one.