Bakı–Xankəndi velosiped yarışına hazırlıq müzakirə olundu
2027-ci il mayın 9-dan 13-dək keçiriləcək Bakı–Xankəndi Azərbaycan Velosiped Yarışına hazırlıq çərçivəsində yol infrastrukturunun vəziyyəti müzakirə edilib.
Sportify.az xəbər verir ki, bu məqsədlə Azərbaycan Velosiped İdmanı Federasiyasında (AzVİF) Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) rəhbər vəzifəli şəxsləri ilə görüş keçirilib.
Federasiyanın birinci vitse-prezidenti Sahib Ələkbərov ölkəmizin müasir yol infrastrukturuna malik olduğunu vurğulayıb. O bildirib ki, Beynəlxalq Velosipedçilər İttifaqı (UCI) beynəlxalq yarışların təşkili zamanı yolların keyfiyyətinə və təhlükəsizlik tələblərinə xüsusi diqqət yetirir.
S.Ələkbərov bu ilin mayında keçirilən yarışda iştirak etmiş əcnəbi idmançıların, komandaların və rəsmilərin Azərbaycanın yol infrastrukturunu yüksək qiymətləndirdiklərini də qeyd edib. Bununla belə, bəzi marşrutlarda, xüsusilə işğaldan azad edilmiş ərazilərdə bərpa və təmir işləri tam yekunlaşmayan hissələrdə müəyyən çatışmazlıqların aşkarlandığını diqqətə çatdırıb.
Görüşdə AAYDA İdarə Heyətinin sədr müavini Əli Hacıyev və Agentliyin Nəqliyyat İnfrastrukturunun İstismarı və Təmiri Departamentinin müdiri Şahin Mustafayev son aylarda yağan intensiv yağışların marşrutların bəzi hissələrində yol infrastrukturuna zərər vurduğunu bildiriblər.
Mövcud problemlərin aradan qaldırılması və zərurət yaranarsa, bəzi marşrutların dəyişdirilməsi ilə bağlı razılıq əldə olunub. Qərara əsasən, AAYDA və Velosiped Federasiyasının əməkdaşları bütün marşrutlara yenidən yerində baxış keçirəcək, bundan sonra müvafiq addımlar müəyyənləşdiriləcək.






No Comment! Be the first one.