Bakıda dünya çempionatının açılışı oldu - FOTOLAR
Milli Gimnastika Arenasında cüdo üzrə dünya çempionatının açılış mərasimi keçirilib.
Sportify.az xəbər verir ki, tədbirdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Beynəlxalq Cüdo Federasiyasının (IJF) prezidenti Marius Vizer, Azərbaycan Cüdo Federasiyasının (ACF) prezidenti Rəşad Nəbiyev iştirak edib.
Rəsmi hissədə çıxış edən Nəbiyev Bakının yenidən mötəbər yarışa ev sahibliyi etdiyini bildirərək, qonaqları salamlayıb. O bildirib ki, cüdo yalnız tatami üzərində mübarizə deyil, həm də hörmət, cəsarət və dostluq fəlsəfəsidir: “İllər öncə ölkəmiz bu dəyəri gənclərimizin həyat tərzinə çevirmək, sağlam və ruhən güclü nəsil yetişdirmək arzusu ilə böyük yola qədəm qoyub. Həmin arzunun reallığa çevrildiyini görmək sonsuz qürur hissidir”.

ACF prezidentinin sözlərinə görə, Azərbaycanda idmana, xüsusən də cüdonun inkişafına göstərilən ali diqqət və qayğı bütün bu nailiyyətlərin əsas təməlidir: “Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti cənab İlham Əliyevin idmanın hər bir sahəsinə verdiyi sonsuz dəstək sayəsində Azərbaycan dünya miqyaslı nəhəng idman yarışlarına ev sahibliyi edən, öz qonaqsevərliyi və təşkilatçılıq təcrübəsi ilə tanınan möhtəşəm idman mərkəzinə çevrilib. Bu uğur hekayəsinin vacib hissəsi də beynəlxalq əməkdaşlıqdır”.

Nəbiyevin cüdo üzrə dünya çempionatının ikinci dəfə Bakıya həvalə olunmasına görə IJF-yə və onun prezidenti Marius Vizerə təşəkkürünü bildirib. O bildirib ki, illərdir davam edən sıx tərəfdaşlıq və etimad, birgə layihələr cüdonun yalnız peşəkar idman kimi deyil, kütləvi həyat tərzi kimi yayılmasına misilsiz töhfə verib.
ACF prezidentinin sözlərinə görə, əsas məqsəd cüdo zalına qədəm qoyan hər bir uşaqda təkcə gələcəyin çempionunu yox, ilk növbədə, cəmiyyət üçün layiqli vətəndaş yetişdirməkdir: “Bu fəlsəfə dövlətimizin yürütdüyü gənclər və idman siyasətinin əsasını təşkil edir. Əziz idmançılar və məşqçilər, önümüzdəki günlərdə siz yalnız çempionluq uğrunda deyil, həm də cüdonun aliliyini və nəcibliyini nümayiş etdirmək üçün mübarizə aparacaqsınız. Hər birinizə ədalətli yarış, yüksək idman ruhu, Bakıda unudulmaz anlar arzulayıram. Azərbaycana xoş gəlmisiniz”!

IJF prezidenti isə Prezident İlham Əliyevi, ACF prezidenti Rəşad Nəbiyevi və qonaqları enerji, yeni texnologiyalar, nəqliyyat, islahatlar, idman və davamlı inkişaf ölkəsində salamlayıb: “İdmanımıza, idman növlərimizə və bu çempionata davamlı və dayanıqlı dəstəyə görə Azərbaycan hökumətinə minnətdarlığımızı bildirmək istərdim. Son illərdə mötəbər nailiyyətlərlə bağlı ACF-yə və qurumun rəhbərliyinə təbriklərimi çatdırıram. Bütün idman növlərinə olimpiya hərəkatına Azərbaycanda keçirilən mötəbər tədbirlərin təşkil olunması ilə əlaqədar təbriklərimi ifadə edirəm. Bu cür çağırışlı zamanlarda məhz həmrəylik, birlik, dostluq naminə bu tədbirləri keçirən hər kəsə minnətdaram. Azərbaycana, hər kəsə təşəkkürümü bildirir və yarışı açıq elan edirəm”.

Daha sonra iştirakçı komandaların bayraqları səhnəyə gətirilib, bədii hissə nümayiş etdirilib.
Azərbaycanın Dövlət Himni və məşhur italiyalı müğənni Al Banonun ifasında IJF-nin himni səsləndirilib.
Tədbir Al Banonun digər ifaları ilə davam edib.



No Comment! Be the first one.