Bakıda keçirilən Azərbaycan Qran Prisinin sıralama turunda “Mersedes” komandasının pilotu Corc Rassell ən yaxşı nəticəni göstərərək yarışa ilk sıradan başlamaq hüququ qazanıb.
Sportify.az xəbər verir ki, britaniyalı pilot həlledici – Q3 sessiyasında rəqiblərini qabaqlayaraq poul-mövqeyə sahib olub.
“Ferrari” pilotu Şarl Lekler ikinci, “Maklaren” təmsilçisi Oskar Piastri isə üçüncü yeri tutub.
Rassell ilə Lekler arasındakı fərq təxminən 0,8 saniyə olub.
Sıralama turunun ən diqqətçəkən məqamlarından biri isə Andrea Kimi Antonellinin qəzası olub. “Mercedes” pilotu Q1 sessiyasında idarəetməni itirərək bolidini divara çırpıb və mübarizəni erkən dayandırmalı olub.
Sessiyadan sonra ilk üçlükdə qərarlaşan pilotlar çıxışlarını dəyərləndiriblər.
Corc Rassell: “Bu anı çoxdan gözləyirdim”
Poul sahibi nəticəsindən razı qaldığını bildirib: “Bu anı çoxdan gözləyirdim. Özümü çox yaxşı hiss etdim. Düşünürəm ki, karyeram ərzində sıralama turunda əldə etdiyim ən böyük üstünlüklərdən biridir. Həm Formula 3-də, həm də Formula 2-də belə böyük fərq yaratmaq imkanım olmayıb. Bolid çox yaxşı işləyirdi və onu idarə etməkdən zövq alırdım. Bakı kimi trasda bu xüsusilə vacibdir.
Maks Ferstappen həftə ərzində sürətli görünürdü. Lakin son cəhdində onun başına nə gəldiyini dəqiq bilmirəm. Ola bilsin ki, Lando Norrisin səbəb olduğu sarı bayraq onun sürətli dövrəsinə təsir göstərib. Onun son cəhddə hansı nəticəni göstərə biləcəyini görmək maraqlı olardı.
Mən isə son dövrəmdə demək olar ki, hər şeyi düzgün etdim. İsak Hacarın arxasınca hərəkət edərək küləkdən də müəyyən qədər yararlandım. Düşünürəm ki, bu, bizə əlavə bir neçə onda bir saniyə qazandırdı.
Yarışa yaxşı mövqedən başlayacağıq və qələbə üçün mübarizə aparmaq imkanımız var. Amma Bakı trasında hər şey baş verə bilər. Şarlın ilk döngədə məni qabaqlamağa çalışacağına əminəm. Buna baxmayaraq, özümə və komandama inanıram”.
Şarl Lekler: “Fərq gözlədiyimizdən böyük oldu”
İkinci yeri tutan Şarl Lekler sıralama turunda komandasının gözlədiyindən daha böyük zaman fərqi ilə üzləşdiyini deyib: “Düşünürəm ki, kifayət qədər yaxşı dövrə vurdum. Son cəhddə yaxşı nəticə göstərməyi bacardım. Daha sonra Rassellə aramızdakı fərqi görəndə düşündüm ki, bəlkə də dövrəm o qədər də yaxşı alınmayıb.
Bütün həftə ərzində rəqiblərimizdən bir qədər geri qalırdıq və bunu müəyyən qədər gözləyirdik. Dünən bizim üçün asan gün olmadı, amma yenə də ümidimizi qoruyurduq.
Start mövqeyinə görə təxminən burada olacağımızı düşünürdük. Lakin zaman fərqi gözlədiyimizdən daha böyük oldu. Sabah nələrin baş verəcəyini görəcəyik.
Düzlüklərdə sürət hazırda bizim əsas üstünlüyümüz deyil. Buna baxmayaraq, dünən bolid tam yanacaqla trasda olarkən yarış tempimiz kifayət qədər yaxşı idi. Buna görə də sabah vəziyyətin fərqli ola biləcəyinə ümid edirik”.
Oskar Piastri: “Külək vəziyyəti çətinləşdirirdi”
Üçüncü pillədə qərarlaşan Oskar Piastri isə komandasının sıralama turunda sürət yığmasından məmnun qaldığını bildirib: “Sıralama turunda yaxşı temp tapa bildik. Bu, bizim üçün artıq tanış ssenaridir. Sərbəst yürüşlərdə müəyyən çətinliklər yaşayırıq, lakin sıralama turuna qədər boliddə əlavə sürət yığmağı bacarırıq.
İlk cəhdlərdən sonra ön sıralarda olduğumuzu görəndə bir qədər təəccübləndim. Daha sonra isə Corc çox sürətli dövrə vurdu. Buna baxmayaraq, gedişatından razıyam.
Yaxşı nəticə qazanmaq asan deyildi. Güclü külək işi daha da çətinləşdirirdi. Xüsusilə düzlüklərdə bolidi sabit saxlamaq çətin idi.
Formula 1 bolidində olduğumuz halda küləkdən şikayətlənmək bir qədər qəribə səslənir. Amma divarların arasından çıxarkən küləyin istiqamətindəki dəyişiklik bolidə ciddi təsir edir. Bu da dövrə vaxtında özünü göstərir.
Yarışa Rassell ilk sıradan başlayacaq
Beləliklə, Azərbaycan Qran Prisinin startında ilk sıranı Corc Rassell və Şarl Lekler, ikinci sıranı isə Oskar Piastri və digər sürücülər təşkil edəcək.
Bakının şəhər trasında yarışın gedişində strategiya, təkərlərin vəziyyəti və təhlükəsizlik avtomobilinin trasda görünməsi nəticəyə ciddi təsir göstərə bilər. Sıralama turunda olduğu kimi, əsas mübarizənin də son dövrələrədək davam etməsi gözlənilir.
İki pilot cəzalandı
“Uilyams” komandasının pilotu Karlos Sayns Azərbaycan Qran Prisinin startında 5 mövqe itirəcək.
İspaniyalı pilot sarı bayraqlar zamanı sürəti kifayət qədər azaltmadığı üçün cəzalandırılıb. Bundan əlavə, Saynsa 2 cərimə balı verilib və son 12 ay ərzində topladığı cərimə ballarının sayı 4-ə yüksəlib.
“Kadillak” komandasının pilotu Serxio Peres isə “Maklaren”in pilotu Oskar Piastriyə mane olduğu üçün Azərbaycan Qran-prisinin startında 3 mövqe itirəcək.
Formula-1. Azərbaycan Qran-prisinin ilkin start düzülüşü:
- Corc Rassell (“Mersedes”)
- Şarl Lekler (“Ferrari”)
- Oskar Piastri (“Maklaren”)
- İsak Hacar (“Red Bull”)
- Lando Norris (“Maklaren”)
- Lüis Hemilton (“Ferrari”)
- Pyer Qasli (“Alpin”)
- Maks Ferstappen (“Red Bull”)
- Franko Kolapinto (“Alpin”)
- Oliver Berman (“Haas”)
- Liam Louson (“Rasinq Bullz”)
- Aleks Albon (“Uilyams”)
- Esteban Okon (“Haas”)
- Karlos Sayns (“Uilyams”)
- Arvid Lindblad (“Rasinq Bullz”)
- Andrea Kimi Antonelli (“Mersedes”)
- Qabriel Bortoleto (“Audi”)
- Niko Hülkenberq (“Audi”)
- Valtteri Bottas (“Kadillak”)
- Serxio Peres (“Kadillak”)
- Fernando Alonso (“Aston Martin”)
- Lens Stroll (“Aston Martin”)
Qeyd edək ki, sentyabrın 26-da keçiriləcək ümumilikdə 51 dövrə və 306,049 km-dən ibarət Azərbaycan Qran Prisi saat 15:00-da başlanacaq. Bu, mövsümün 15-ci mərhələsi olacaq.
Omid JANNAT


No Comment! Be the first one.