Bentse Varkonyi: “Qarabağ”a transfer olunmağım böyük addım idi
“Milliyə çağırılacağımı öyrənəndə çox sevindim. Bu xəbəri böyük xoşbəxtlik və müsbət hisslərlə qarşıladım”.
Sportify.az xəbər verir ki, bunu “Qarabağ”ın futbolçusu Bentse Varkonyi karyerasında ilk dəfə Macarıstan millisinə dəvət alması ilə bağlı klubun rəsmi saytına açqlamasında deyib.
24 yaşlı müdafiəçinin fikrincə, hansı səviyyədə olmasına rəğmən, idmana başlayan hər bir insanın arzusu və məqsədi bir gün öz ölkəsi üçün mübarizə aparmaq, milli komandanın formasını geyinib oynamaqdır: “Buna görə də bu dəvət məni həqiqətən çox sevindirdi”.
Mövsümlərarası fasilədə “Qarabağ”a transfer olunmuş Varkonyi “Qarabağ”a keçidin yığmaya çağırılmasına təkan verdiyini vurğulayıb: “Bəli, yayda “Qarabağ”a transfer olunmağım mənim üçün böyük addım idi. Xaricdə, yaxşı bir komandada özümü göstərmək istəyirdim. Yəqin ki, ilk dəfə milli komandaya dəvət almağımda bunun da rolu var. Kluba çox minnətdaram, çünki mənə hər məsələdə dəstək olurlar. Mənə etimad göstərilib və mən də bu etimadı doğrultmaq, ən yaxşı oyunumu nümayiş etdirmək üçün çalışıram”.
O, hədəflərinə çatmaq üçün çalışacağını qeyd edib: “Təbii ki, həm komanda, həm də fərdi səviyyədə qarşıma qoyduğum məqsədlər var. Onlara çatmaq üçün bundan sonra da əlimdən gələni etməyə davam edəcəyəm”.
Xatırladaq ki, UEFA Millətlər Liqasında sentyabrın 25-də Ukrayna, oktyabrın 2-də Gürcüstanı qəbul edəcək Macarıstan yığması sentyabrın 28-də Şimali İrlandiya, oktyabrın 5-də Ukraynanın qonağı olacaq.



No Comment! Be the first one.