Beynəlxalq Cüdo Federasiyası: Odlar Yurdu yeni qəhrəmanlar kəşf etdi
Beynəlxalq Cüdo Federasiyası (IJF) Bakıda keçirilmiş dünya çempionatının yekunlarına dair məqaləsində Azərbaycanın ev sahibliyini, təşkilatçılığını və idmançıların nəticələrini xüsusi qeyd edib.
Sportify.az xəbər verir ki, “Bakı-2026: On dörd dünya çempionu, min hekayə və bir ümumi ehtiras” sərlövhəli yazıda IJF fərdi yarışlarda 7 medal qazanan Azərbaycanın çıxışını yüksək qiymətləndirib.
Ali cüdo qurumu ölkənin həm idman nəticələri, həm də çempionatın təşkili baxımından qarşıya qoyduğu məqsədlərə çatdığını vurğulayıb: “Azərbaycan dünya çempionatına Əhməd Yusifovun qızıl medalı ilə möhtəşəm başladı. Bu, turnirin ən gözlənilməz və yaddaqalan nəticələrindən biri idi. Ümumilikdə yeddi medal qazanan ölkənin qürur duymaq üçün hər cür əsası var. Təşkilatçılıqdan və nümayəndə heyətlərinə göstərilən qonaqpərvərlikdən tutmuş, arenadakı atmosferə və idman nəticələrinə qədər Azərbaycan qarşıya qoyduğu məqsədlərə çatdı”.

IJF Azərbaycan yığmasında gözlənilən idmançılarla yanaşı, hər zaman diqqət mərkəzində olmayan cüdoçuların da parladığını qeyd edib. Təşkilatın fikrincə, bu amil əldə olunan nəticələri daha maraqlı edib: “Odlar Yurdu yeni qəhrəmanlar kəşf etdi. İndi bu nəsil cüdoçular ölkənin artıq tanınmış ulduzları ilə yanaşı dayanmağa hazırdırlar”.
IJF dünya çempionatının Bakıda keçirilən buraxılışını möhtəşəm turnir kimi xarakterizə edib. Qeyd olunub ki, Milli Gimnastika Arenasında yaradılan atmosfer, azarkeşlərin coşqusu, yeni dünya çempionlarının meydana çıxması və tanınmış idmançıların uğurlarını davam etdirməsi yarışa xüsusi rəng qatıb.
Məqalədə Yaponiyanın yeddi qızıl medalla ümumi sıralamada üstünlüyü, Gürcüstanın ikinci yeri tutması, eləcə də İspaniya, Birləşmiş Ərəb Əmirlikləri və digər ölkələrin idmançılarının tarixi nailiyyətləri də diqqətə çatdırılıb.

IJF hesab edir ki, Bakı dünya çempionatı cüdonun yalnız idman yarışı olmadığını bir daha nümayiş etdirib. Federasiya bu idman növünün insanları bir araya gətirmək, çətinlikləri dəf etmək və insanın özünü inkişaf etdirməsinə kömək etmək gücünü vurğulayıb.
Məqalə cüdonun Los-Anceles-2028 Yay Olimpiya Oyunlarına aparan yolun hələ başlanğıcında olduğunu xatırlatmaqla tamamlanıb.
Qeyd edək ki, Azərbaycan cüdoçuları dünya çempionatını 7 medalla tamamlayıb. Əhməd Yusifov (60 kq) qızıl, Zelim Tçkayev (81 kq) və Uşangi Kokauri (+100 kq) gümüş, Rəşid Məmmədəliyev (73 kq), Ömər Rəcəbli (81 kq), Murad Fətiyev (90 kq) və Kənan Nəsibov (+100 kq) bürünc medala sahib olub.



No Comment! Be the first one.