Çeferin İnfantinonun FIFA prezidenti vəzifəsindən getmə şərtlərini açıqladı
UEFA prezidenti Aleksander Çeferin Canni İnfantinonun FİFA rəhbəri vəzifəsini tərk edə biləcəyini və ya 2027-ci ildə keçiriləcək prezident seçkilərində iştirakdan imtina edə biləcəyini açıqlayıb.
Sportify.az “The Guardian”a istinadən xəbər verir ki, Çeferin bunun İnfantinonun futbol ictimaiyyətinin geniş dəstəyinə malik olmadığını anlaması halında baş verə biləcəyini bildirib.
UEFA rəhbəri mümkün iki ssenarini müəyyənləşdirib. Birinci varianta görə, İnfantino təkcə seçicilər arasında deyil, azarkeşlər, futbolçular, sabiq futbolçular və məşqçilər arasında da kifayət qədər dəstəyinin olmadığını qəbul edir.
İkinci ssenari isə İnfantinonun 2027-ci ilin martında keçiriləcək seçkilərdə iştirakını nəzərdə tutur. Çeferinin fikrincə, bu halda hazırkı FİFA prezidentinə qarşı namizəd meydana çıxa bilər. Həmin şəxsin kimliyi isə hələlik məlum deyil.
Çeferin həmçinin bildirib ki, dünya çempionatının keçirilməsi hüquqlarının bir hissəsinin satılması təşəbbüsünün müzakirəyə çıxarılmasından sonra İnfantino ilə danışmayıb.
Xatırladaq ki, Canni İnfantino “FIFA Forward Enterprise” şirkətinin yaradılmasını təklif edib. Layihənin FİFA-nın əsas kişi və qadın turnirlərinə nəzarət etməsi və quruma təxminən 4,2 milyard dollar əlavə gəlir gətirməsi nəzərdə tutulurdu.
Təşəbbüs UEFA, KONKAKAF, AFC və KONMEBOL tərəfindən dəstəklənməyib. UEFA isə layihədən rəsmi şəkildə imtina edilməyənədək FİFA-nın təşkil etdiyi turnirləri boykot etmək niyyətində olduğunu açıqlayıb.
Canni İnfantino 2016-cı ilin fevralında FİFA prezidenti seçilib və daha sonra iki dəfə rəqibsiz şəkildə yenidən bu vəzifəyə seçilib. O, 2027-ci ilin martında Mərakeşdə keçiriləcək prezident seçkilərində iştirak etmək niyyətində olduğunu daha əvvəl açıqlamışdı.


No Comment! Be the first one.