Dambrauskas: Milli fasilədə Azərbaycanda qalacağam
“Sabah”ın baş məşqçisi Valdas Dambrauskas Misli Premyer Liqasının VI turunda “İmişli” üzərində qazandıqları qələbədən (3:0) sonra komandanın qarşıdakı planları barədə danışıb.
Sportify.az xəbər verir ki, o, milli komandaların oyunları ilə əlaqədar yaranacaq fasilədə Azərbaycan yığmalarına çağırılan futbolçularına uğurlar arzulayıb.
“Milli komandaya gedən futbolçular üçün heç nə edə bilmərəm. Onlara uğurlar arzulayıram. Ölkəni təmsil etmək böyük şərəfdir. Ümid edirəm ki, yaxşı çıxış edəcək və zədəsiz qayıdacaqlar. Burada qalan futbolçularla isə məşqlərimizi davam etdirəcəyik. İndi oyunçulara bir həftəlik istirahət verəcəyəm. Bundan sonra çalışmalara başlayaraq hazırlığımızı davam etdirəcəyik. Həmişə olduğu kimi, oyun-oyun irəliləyəcəyik”, – deyə baş məşqçi bildirib.
Dambrauskas özü üçün də fasilənin istirahət baxımından yaxşı fürsət olacağını söyləyib. O, Bakıda qalacağını və Azərbaycanın müxtəlif bölgələrinə səfər etməyi planlaşdırdığını qeyd edib:
“Mən Bakıda, Azərbaycanda qalacağam. Ölkəni daha yaxından görmək və bəzi yerləri gəzmək istəyirəm. Bu müddətdə bir qədər dincələcəyəm. Çünki üç ay əvvəl başladığımız vaxtdan çox çətin yay dövrü keçirdik. Xüsusilə Çempionlar Liqasının təsnifat mərhələsində keçirdiyimiz 10 oyun və mövsümün başlanğıcı bizim üçün ağır oldu. Buna baxmayaraq, bütün turnirlərdə çox yaxşı çıxış etdiyimizi düşünürəm. 10 üzərindən qiymət verməli olsaydım, komandama 10 verərdim. Yalnız “Mançester Yunayted”lə oyunu nəzərə almasaq, həmin qarşılaşmada bir qədər daha yaxşı çıxış edə bilərdik. Ümumilikdə isə bu mərhələni keçdiyimiz üçün çox məmnunam. İndi bir qədər dincəlib yenilənməli və çempionatın ikinci mərhələsinə hazırlaşmalıyıq”.
Baş məşqçi Azərbaycanın hansı bölgəsinə səfər edəcəyini açıqlamayıb: “Planım var. Hətta otel də bron etmişəm, amma hara gedəcəyimi sizə deməyəcəyəm”.
O, milli fasilədən sonra “Sabah”ı çətin oyunların gözlədiyini vurğulayıb. O, “Neftçi”, “Slaviya” (Praqa), “Qəbələ”, Dortmund” və “Qarabağ”la keçiriləcək qarşılaşmalara diqqət çəkib:
“Əlbəttə, əvvəlcə “Neftçi” ilə, sonra “Slaviya Praqa”, “Qəbələ”, “Borussiya Dortmund” və “Qarabağ”la qarşılaşacağıq. Amma Çempionlar Liqasına xoş gəlmisiniz! Bu turnirdə oynamaq istəyirsinizsə, belə çətinliklərin öhdəsindən gəlməlisiniz. Böyük komanda olmaq və bu çağırışı qəbul etmək istəyiriksə, öyrənməliyik. Həmişə deyirəm ki, bu kampaniya və bu mövsüm bizi çox inkişaf etdirəcək. Əlbəttə, çətin olacaq, böyük sınaqlardan və maneələrdən keçəcəyik. Lakin bütün bunlardan inkişaf edərək çıxacağıq”.



No Comment! Be the first one.