AFFA-dan Bakıdakı dünya çempionatı ilə bağlı qeyri-adi qərar
15 yaşadək oğlanlar arasında futbol üzrə ilk dünya çempionatı və festivalında oyunların əksəriyyətinin keçiriləcəyi Hövsan Yarış Kompleksində işlər yekunlaşmaq üzrədir.
Yarışın Təşkilat Komitəsindən Sportify.az-a verilən məlumata görə, turnir çərçivəsində keçiriləcək 1000-ə yaxın oyun məhz yeni inşa edilən kompleksdəki 10 futbol meydançasında təşkil olunacaq.
Dünyanın 190-na yaxın ölkəsindən FIFA-ya üzv assosiasiyaları təmsil edən 4000-dək gənc futbolçunun, məşqçinin və rəsmilərin turnirdə iştirak məqsədilə Bakıya səfəri nəzərdə tutulur.
Bir neçə gün öncə FIFA prezidenti Canni İnfantino Azərbaycana səfər edərək, Hövsan Yarış Kompleksində turnirə hazırlıq işləri ilə yaxından tanış olub. FIFA prezidentinə turnirə hazırlıq prosesi, infrastruktur layihələri, təhlükəsizlik tədbirləri və təşkilati məsələlər barədə ətraflı məlumat verilib.
İnfantino qısa müddət ərzində görülən genişmiqyaslı təşkilati işləri, Azərbaycanın turnirə hazırlıq səviyyəsini yüksək qiymətləndirib.
Hövsanda yaradılan yeni futbol infrastrukturu gələcəkdə uşaq və yeniyetmə futbolunun inkişafına xidmət edəcək.
Xatırladaq ki, yarışın açılış oyunu və final qarşılaşması Bakı Kristal Zalında təşkil olunacaq.



No Comment! Be the first one.