Əfsanəvi futbolçu milli komanda ilə vidalaşdı
Bosniya və Herseqovina millisinin kapitanı Edin Ceko yığmadakı karyerasını başa vuracağını açıqlayıb.
Sportify.az xəbər verir ki, 40 yaşlı hücumçunun yığma forması ilə son oyunu oktyabrın 2-də İsveçə qarşı UEFA Millətlər Liqası matçına təsadüf edəcək.
Ceko qərarını sosial şəbəkə hesabında paylaşdığı emosional mesajla açıqlayıb: “Bəzən bu anın nə vaxt gələcəyini düşünürdüm. Amma bu sözləri yazarkən məni bürüyəcək hissləri təsəvvür belə edə bilməzdim. Oktyabrın 2-də İsveçə qarşı milli komandamızın formasında növbəti və sonuncu oyunum olacaq.
Karyeramda heç nə hər dəfə bu formanı geyinərkən hiss etdiyim qürurla müqayisə oluna bilməz. Bu, uşaqlıq arzum idi. Ölkəmi meydanda 151 dəfə təmsil etmək şərəfinə nail oldum”.
Təcrübəli forvard milli komanda ilə 2014-cü ildə dünya çempionatına vəsiqə qazanmasını karyerasının ən xoşbəxt anlarından biri kimi qeyd edib: “Ölkəm üçün oynamaq futbolun mənə bəxş etdiyi ən böyük emosional imtiyaz idi. 2014-cü ildə ilk dünya çempionatımıza vəsiqə qazanmağımız həyatımın ən xoşbəxt anlarından biri olaraq qalır”.
Ceko azarkeşləri oktyabrın 2-də Zenitsada keçiriləcək İsveçlə oyunda onun yanında olmağa çağırıb.
Qeyd edək ki, Edin Ceko Bosniya və Herseqovina millisində 151 oyun keçirib və 73 qol vurub. O, həm oyun sayına, həm də qolların sayına görə yığmanın rekordçusudur.
Ceko milli komandada debütünü 2007-ci ilin iyununda Türkiyəyə qarşı edib. O, təxminən 20 ildən sonra, 40 yaşında Bosniya və Herseqovina millisindəki karyerasına son qoyacaq.



No Comment! Be the first one.