Əhməd Yusifov: Rəqibimin kəmərindən tutanda hiss etdim ki...
“Final görüşümün əvvəlləri gözləmədiyim kimi keçdi. Sonra isə özümü toparladım, öz fəndimi tətbiq etdim və dünya çempionu oldum. Çox xoşbəxtəm. Sevincimin həddi-hüdudu yoxdur”.
Sportify.az xəbər verir ki, bunu Bakıdakı dünya çempionatında 60 kq çəki dərəcəsində qızıl medal qazanmış Azərbaycan cüdoçusu Əhməd Yusifov jurnalistlərə açıqlamasında deyib.
27 yaşlı idmançının sözlərinə görə, ilk yarış günündə həm medal, həm də çempionluq qazanmağı düşünüb. Amma qarşılaşmadan-qarşılaşmaya özünü yaxşı hiss etdiyini görüb: “Bu gün məndən yana idi. Mən də bunu dəyərləndirdim və 27 yaşımda dünya çempionu oldum. Bu, mənim üçün çox gözəl haldır”.
Yusifov dünya çempionatının finalında udduğu qazaxıstanlı Şerzod Davlatova 2024-cü ilin Qran Pri finalında uduzduğunu xatırladıb: “Bu dəfə final görüşümə qələbə üçün çıxmışdım. Çünki dünya çempionu olmaq istəyirdim və bunu bacardım. Final görüşüm gözlədiyim kimi getmirdi. İlk 2 dəqiqə ərzində özümü yaxşı toparlaya bilmirdim. Vaxta baxdım, gördüm ki, 2 dəqiqədən az qalıb. Bu zaman öz fəndimi tətbiq etmək istədim. Onu da etdim, alındı. Rəqibimin kəmərindən tutduğum vaxt hiss etdim ki, onu uda bilərəm. Ondan sonra da qalib oldum”.
O, 60 kq çəki dərəcəsində ilk dəfə dünya çempionluğu qazanmış ilk azərbaycanlı cüdoçu olmaqdan məmnunluğunu da ifadə edib: “Çox xoşbəxtəm ki, Azərbaycanın bu çəkidə birinci, ümumilikdə isə dördüncü dünya çempionu mən oldum. Finaldan sonra federasiyamızın vitse-prezidenti, olimpiya çempionu Elnur Məmmədli məni təbrik etdi. Onun üzərimdə əziyyəti çoxdur. Eləcə də şəxsi məşqçimin. Növbəti hədəfim olimpiya çempionluğudur. Qələbəni özümə həsr edirəm. Çünki ən çox özüm əziyyət çəkmişəm”.


No Comment! Be the first one.