“Ferrari”nin rəhbərliyi dəyişir?
İtaliyanın “Ferrari” komandasının rəhbərliyi Frederik Vassörün gələcəyi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
Sportify.az xəbər verir ki, son günlər “Ferrari”nin rəhbərliyində dəyişikliklərin baş verə biləcəyi, komandanın hazırkı rəhbəri Frederik Vassörün isə mövsümün sonunda vəzifəsindən ayrılacağı barədə məlumatlar yayılıb.
Buna səbəb “Red Bull Racing” komandasının sabiq sahibinin Kristian Hornerin “Ferrari”yə rəhbərlik etməyə hazır olduğunu bildirməsi ilə bağlı müsahibəsi olub.
Yaranmış vəziyyətlə əlaqədar “Ferrari”nin kommunikasiya direktoru Mariya Konte komandanın mövqeyini açıqlayıb.
O bildirib ki, komandanın rəhbərliyində hər hansı dəyişiklik nəzərdə tutulmur və Vassörə tam etimad davam edir.
“Son günlər “Ferrari” ətrafında, xüsusilə də komandanın rəhbərliyi ilə bağlı müxtəlif fərziyyələr getdikcə artır. “Ferrari”nin mövqeyi tamamilə aydındır və dəyişməyib. Biz artıq zəruri qərarları qəbul etmişik və Frederik Vassörə və onun komandasına tam etimad göstəririk. Bu mövqeyimizi bundan sonra da qoruyacağıq”, – deyə Mariya Konte bildirib.
Onun sözlərinə görə, hazırda əsas diqqət komandanın birliyinin qorunmasına və yarışlara hazırlıq prosesinə yönəldilməlidir.
“İndi xüsusilə vacibdir ki, komanda vahid və həmrəy qalsın. Bütün qüvvələrimizi və diqqətimizi işimizə yönəltməliyik”, – “Ferrari” rəsmisi vurğulayıb.
M.Konte qeyd edib ki, “Ferrari”nin böyük maraq doğurması səbəbindən müxtəlif şəxslərin şirkətin tərkibində çalışmaq istəməsi təbiidir. Bununla belə, komanda rəhbərliyi şirkətdən kənarda yayılan fərziyyələri şərh etmək niyyətində deyil.
“Bu, yalnız “The Times” qəzetində Kristian Hornerlə bağlı dərc olunan materiala aid deyil. Hazırda Frederik Vassörün gələcəyi ilə bağlı çoxsaylı fərziyyələr səsləndirilir. Bir daha vurğulamaq istəyirəm ki, biz Frederik Vassörə və onun komandasına etimad göstərməkdə davam edirik. Mövqeyimiz tamamilə aydındır və bu, yalnız hazırkı vəziyyətlə bağlı deyil. Biz bunu daha əvvəl də təsdiqləmişik”, – deyə Mariya Konte əlavə edib.



No Comment! Be the first one.