"Finalın Gəncəyə salınması məni çox sevindirdi"
“Kubokun finalının Gəncəyə salınması ən düzgün, ən yaxşı qərardır. Çünki Gəncə sakinləri futbolu çox sevirlər. Bu xəbər məni də çox sevindirdi. Gəncəli azarkeşlər finala rəng qatacaqlar, şəhərimizdə əsl futbol bayramı yaşanacaq”.
Sportify.az xəbər verir ki, bunu “Kəpəz”in baş məşqçisi Azər Məmmədov Azərbaycan Kubokunun 2026/2027 mövsümünün final matçının Gəncə Stadionunda təşkil olunacağına dair qərarı şərh edərkən deyib.
Bu gün atılan püşk nəticəsində “Kəpəz”in ilk görüşünü II təsnifat mərhələsində “Baku Sportinq”ə qarşı keçirəcəyi müəyyənləşib.
50 yaşlı mütəxəssis püşkün nəticəsindən asılı olmayaraq, istənilən rəqibə qalib gəlməyə çalışaqlarını bildirib: “Kubokda bəzi futbolçulara, xüsusilə gənc oyunçulara forma şansı verəcəyik. Bu turnirdə bacardığımız qədər irəliləmək niyyətindəyik. Bütün rəqiblərə hörmətlə yanaşırıq. Öncə II təsnifat mərhələsində uğur qazanmaq lazımdır. Ötən illərlə müqayisədə I Liqanın səviyyəsi yüksəlib. “Baku Sportinq” ötən mövsüm I Liqada 4-cü yeri tutub. Düşünürəm ki, asan rəqib deyil. Təbii ki, meydana qələbə üçün çıxacağıq və 1/8 finala yüksəlməyə çalışacağıq”.
Məmmədov “Kəpəz”i kubokun finalında görmək istəyən gəncəli azarkeşlərin arzusundan da danışıb: “Əlbəttə, mən də gəncəli azarkeşlərin bu arzusuna qoşuluram. Çox istərdim ki, doğma şəhərimizdə, doğma meydançamızda finala vəsiqə qazanan komandalardan biri “Kəpəz” olsun. Bunun üçün əlimizdən gələn heç nəyi əsirgəməyəcəyik, maksimum gücümüzü ortaya qoyacağıq. Nəyə nail olacağımızı zaman göstərəcək”.
Qeyd edək ki, Azərbaycan Kubokunun final matçı 2027-ci il mayın 12-də keçiriləcək.



No Comment! Be the first one.