Futbolda ilk dəfə qara kart tətbiq edildi
Rumıniya Futbol Federasiyası aşağı yaş qrupları üzrə oyunlarda valideyn və azarkeşlərin aqressiv davranışlarının qarşısını almaq üçün qara kart tətbiq edib.
Sportify.az xəbər verir ki, federasiyanın İcraiyyə Komitəsi yeni intizam qaydasını sentyabrın 11-də təsdiqləyib.
Qərar 7-16 yaş qruplarında keçirilən uşaq və yeniyetmə yarışlarına şamil olunur.
Yeni qaydanın əsas məqsədi uşaqları tribunadan gələn təhqir, təzyiq və aqressiyadan qorumaqdır. Federasiya hesab edir ki, uşaqlar böyüklərin ambisiyalarının, təzyiqinin və məyusluğunun qurbanına çevrilməməlidir.
Qara kartın əsas xüsusiyyəti ondan ibarətdir ki, hakim onu göstərdikdə oyun həmişəlik dayandırılır və qarşılaşmanın davam etdirilməsinə icazə verilmir.
Qaydaya əsasən, hakim əvvəlcə tribunadakı uyğun olmayan davranışla bağlı xəbərdarlıq edir və məşqçilərdən azarkeşlərə müraciət etmələrini xahiş edir. Davranış davam edərsə, qarşılaşma 10 dəqiqəlik dayandırılır və komandalar paltardəyişmə otaqlarına göndərilir.
Oyunun bərpasından sonra eyni davranış yenidən təkrarlanarsa, üçüncü xəbərdarlıqdan sonra hakim qara kart göstərərək matçı rəsmən başa çatdırır. Bundan sonra qarşılaşma yenidən başlana bilməz.
Qayda uşaqların və məşqçilərin təhqir olunması, vurulması və ya itələnməsi, rəqib futbolçulara və texniki heyətə qarşı aqressiv davranış, hakimlərin təhqir edilməsi, eləcə də valideyn və azarkeşlər arasında şifahi və fiziki qarşıdurma kimi hallara şamil edilir.
Rumıniya Futbol Federasiyası bu addımla aşağı yaş qruplarında futbolun uşaqlar üçün təhlükəsiz, sağlam və xoş mühit olaraq qalmasını təmin etməyi hədəfləyir.


No Comment! Be the first one.