Fərid Namazov: Qələbə bizim haqqımız deyildi
Misli Premyer Liqasının 2026/27 mövsümünün ilk turunda “İmişli” doğma meydanda “Araz-Naxçıvan”la qolsuz heç-heçə edib – 0:0.
Sportify.az xəbər verir ki, “İmişli”nin baş məşqçisi Fərid Namazov matçdan sonra keçirilən mətbuat konfransında görüşü dəyərləndirib.
O bildirib ki, hər iki komandanın qələbə şansı olub:
“Çempionatın ilk oyunu həmişə ağır keçir. Meydanda bərabərsəviyyəli mübarizə getdi və hər iki komandanın qol epizodları oldu. Taktiki baxımdan istədiyimiz kimi oynamağa, həm hücumda, həm də müdafiədə tapşırıqları yerinə yetirməyə çalışdıq. Bu gün həm biz, həm də rəqib qələbə qazana bilərdi”.
Namazov Premyer Liqadakı ilk oyunu ilə bağlı hisslərini də bölüşüb:
“Təbii ki, çox xoş hisslərdir. Lakin yaş məsələsinə o qədər də fikir vermirəm. Bu səviyyəyə gəlib çatdıqdan sonra yaş amili arxa planda qalır. Hazırda bütün diqqətimi həm özümü, həm də komandamı inkişaf etdirməyə yönəltmişəm”.
Baş məşqçi üzərində təzyiqin olmasını normal qarşıladığını vurğulayıb:
“Təzyiq mütləq olmalıdır. Biz sağlam tənqidlərə həmişə açığıq. Tənqid olmasa, mən də inkişaf edə bilmərəm. İnsan hər zaman müəyyən təzyiq altında olmalıdır ki, daha yaxşı yerlərə gəlib çata bilsin”.
Fərid Namazov “İmişli”nin qələbəni əldən verib-vermədiyi sualına belə cavab verib:
“Yaxşı qol epizodlarımız oldu, xüsusən də standart vəziyyətlərdən. Məşqlərdə bunun üzərində çox çalışırıq. Amma qələbənin tam olaraq bizim haqqımız olduğunu demək ədalətsizlik olar. Çünki “Araz-Naxçıvan”ın da kifayət qədər təhlükəli qol epizodları var idi”.



No Comment! Be the first one.