İoannis Diamantakos: Bizə zaman və liqa lazımdır
Qadın basketbolçulardan ibarət Azərbaycan millisi 2029-cu ildə keçiriləcək Avropa çempionatının seçmə mərhələsinin A qrupunun ilk matçında Bakıda İsveçrəyə 33:84 (7:14, 6:27, 16:23, 4:20) hesabı ilə uduzdu.
Sportify.az xəbər verir ki, millimizin baş məşqçisi İoannis Diamantakos matçdan sonra keçirilən mətbuat konfransında qarşılaşma ilə bağlı fikirlərini bölüşüb:
– Bu oyun bizim bundan sonra qurmaq istədiyimiz komanda üçün bir təcrübədir. Təbii ki, heç kim məğlub olmaqdan, xüsusilə də böyük hesablı yenilgiyə uğramaqdan məmnun deyil. Amma basketbolçularımla, xüsusilə də gənc oyunçularla fəxr edirəm. Əslində, Aleksandra Mollenhauer istisna olmaqla, komandadakı bütün basketbolçular gəncdir. Onların oyuna hazırlaşmaq üçün göstərdikləri səydən və meydançadakı mübarizələrindən razı qaldım. Hazırlıq üçün çox vaxtımız olmadı. Qalina Quşinanın cəmi 16 yaşı var. Düşünürəm ki, bu gün meydançanın ən yaxşı oyunçularından biri Angelina İsmayılova idi. Bir daha qeyd edirəm ki, heç kim məğlubiyyətdən razı qala bilməz. Ancaq oyunçularımla fəxr edirəm və onları təbrik etmək istəyirəm. Bu, yeni başlanğıcdır. Biz çox gənc komandayıq. Yaş ortalamamız 18-dən aşağıdır. Gələcəyimiz üzərimizdə nə qədər çalışacağımızdan və inkişaf etmək üçün nə qədər səy göstərəcəyimizdən asılıdır.
– Komandanın gənc olduğunu qeyd etdiniz. Bəs nəyə əsasən düşünə bilərik ki, bir neçə ildən sonra bu nəsil yaxşı nəticələr əldə edəcək? Beş ildən sonra bu komandanın güclü olacağına hansı amillər ümid verir?
– Mən konkret proqnoz verməmişəm. Sadəcə qurmağa çalışdığımız komanda üçün ilk addım olaraq basketbolçularımın göstərdiyi səyi yüksək qiymətləndirdiyimi bildirdim. Daha yaxşı olmaq üçün daha çox çalışmalıyıq. Məhz demək istədiyim budur. Unutmayaq ki, federasiyanın gördüyü işlərə baxmayaraq, biz hələ İsveçrə səviyyəsində deyilik. İsveçrənin iki komandası FIBA Avropa Kubokunda çıxış edir. Ona görə də nəticəyə və hesab fərqinə əsaslanaraq müxtəlif qənaətlərə gəlmək düzgün deyil. Bu nəslin müstəsna olacağını indidən deyə bilmərəm. Ancaq bu gün gördüklərimə və hər gün məşqlərdə basketbolçularımla işləyərkən müşahidə etdiklərimə əsasən əminliklə söyləyə bilərəm ki, bu şəkildə, hətta daha çox çalışsaq, yaxşı nəticələr əldə edəcəyik.
– Millimiz qrupda nəyə ümid edir? Hədəf nədir?
– Əsas məqsədimiz təcrübə qazanmaqdır. Təbii ki, müsbət nəticə əldə etmək imkanımız olsa, bundan istifadə etməyə çalışacağıq. Ancaq nəzərə almalıyıq ki, faktiki olaraq U-18 səviyyəsində olan komandamız yüksək səviyyədə təcrübəyə malik böyük basketbolçularla qarşılaşır. Reallığı nəzərə almalıyıq. Məqsədimiz hər oyunda yeni təcrübə qazanmaq və qarşılaşmalardan sonra daha da inkişaf etməkdir. Qələbə qazanmağa və ya müsbət nəticə əldə etməyə çalışmayacağımızı demirəm. Sadəcə reallığı düzgün qiymətləndirməliyik.
– Bu gün hesabda təxminən 50 xallıq fərq yarandı. Bu, İsveçrə və Azərbaycan basketbolu arasındakı səviyyə fərqinin göstəricisidir?
– Dəqiq bilmirəm, xal fərqi 50, 49, 48, yoxsa 30 idi. Ancaq bu sualı verməzdən əvvəl bəzi məqamları düşünmək lazımdır. Bizim liqamız yoxdur. İsveçrənin isə 12 komandadan ibarət çempionatı var. Həmin liqada FIBA Avropa Kubokunda iştirak edən iki komanda çıxış edir və bəzi basketbolçuları bu turnirdə oynayırlar. Buna görə də düşünürəm ki, sualınızın cavabı əslində aydındır. Mənim üçün hesab fərqi o qədər də vacib deyil. Çünki danışdığımız ölkənin öz çempionatı var və həmin çempionatda FIBA Avropa Kubokunda çıxış edən iki komanda mübarizə aparır. Bu baxımdan belə fərqin yaranması qaçılmazdır.
– Bəs vəziyyətdən çıxış yolu nədir? Növbəti oyunda İrlandiya ilə qarşılaşacağıq. Onların da ölkə çempionatı var, bizdə isə belə bir liqa yoxdur. Basketbolumuza müəyyən investisiyalar yatırılır, məşqlər keçirilir. Komandamızın ən azı orta səviyyəyə çatması üçün nə etmək lazımdır? Bunun üçün yalnız zaman kifayətdirmi?
– İlk növbədə, bizə zaman lazımdır. Həmçinin basketbolçularımıza sərmayə yatırmalı, onlarla hər gün işləyərək inkişaf etmələrinə kömək etməliyik. Onlar artıq U-18 və U-20 yaş qruplarında olmayacaqları dövrə çatanda belə komandalarla qarşılaşmağa hazır olmalıdırlar. Əgər ölkəmizdə liqa da olsa, bu, əla olar. Təbii ki, liqanın mövcudluğu bizim üçün çox yaxşı olardı.
– Milli komandanın hazırlıq prosesi necə gedir? Yoldaşlıq oyunları keçirmək üçün başqa ölkələrə səfər etməyi planlaşdırırsınız?
– Bütün milli komandalar üçün illik plan hazırlamağa çalışırıq. Bildiyiniz kimi, mən burada cəmi bir aydır fəaliyyət göstərirəm. Bu müddət ərzində xaricə səfər edib oyunlar keçirmək üçün kifayət qədər vaxtımız olmayıb. Ancaq mütləq xaricdə oyunlarımız olacaq və yoldaşlıq turnirlərində iştirak edəcəyik. Federasiyanın dəstəyi ilə bununla bağlı qərar vermişik və artıq səfərlərimizi planlaşdırmışıq. Həm ölkə daxilində, həm də xaricdə yoldaşlıq görüşləri keçirməyi nəzərdə tuturuq.
Bahar RÜSTƏM



No Comment! Be the first one.