Kandido: Futbolun inkişafını istəyiriksə, futbola hörmət etməliyik
Futbol üzrə Misli Premyer Liqasının VI turunda “Kəpəz”lə 1:1 hesablı heç-heçə edən “Sumqayıt”ın baş məşqçisi Filipe Kandido oyundan sonra keçirilən mətbuat konfransında fikirlərini bölüşüb.
Sportify.az xəbər verir ki, portuqaliyalı mütəxəssis əvvəlcə Gəncə şəhər stadionundakı atmosferi və stadionu yüksək qiymətləndirib, daha sonra oyun zamanı fit səslərinin futbolçularına mane olduğunu bildirib:
“Yəqin ki, bu, ölkənizdəki ən yaxşı stadionlardan biridir. Çox yaxşı atmosfer var idi. Amma siz mənim futbolçularıma hörmət etmirsiniz. Bütün oyun ərzində fit səsi eşidirdik. Düşünürəm ki, tribunadakı bəzi insanlar bunun hakim fitinə bənzədiyini nəzərə almırlar. Futbolçularım hər dəfə dayanırdılar. Çox yaxşı atmosfer, çox yaxşı stadiondur, amma futbola hörmət etmək lazımdır. Liqa kimi inkişaf etmək istəyirsinizsə, futbola hörmət etməlisiniz”.
Baş məşqçi oyundan sonra emosional olduğunu da qeyd edib:“Məyusam. Oyun 10 dəqiqə əvvəl başa çatıb və təbii ki, emosiyalarımız var. Əgər liqa kimi inkişaf etmək istəyirsinizsə, bəzi məsələlərə nəzarət etmək lazımdır. Hakimlər və onların qərarları haqqında daha çox danışmaq istəmirəm. Onlar istədikləri qərarları verirlər və məsələ bununla bitir”.
O, komandasının oyununu da dəyərləndirib. O, “Sumqayıt”ın xüsusilə müdafiədə yaxşı çıxış etdiyini və ilk hissədə hesabı artırmaq üçün imkanlarının olduğunu deyib:“Düşünürəm ki, komandamız çox inkişaf edib. Bu atmosferdə oynamaq asan deyil. Futbolçularım müdafiədə çox yaxşı çıxış etdilər. “Kəpəz” təhlükəli rəqibdir, çünki sürətli futbolçuları çoxdur.Komandamız sakit oynayanda yaxşı futbol göstərmək üçün xarakter nümayiş etdirdi. Hücum etmək üçün boşluqlar tapdıq və 1:0 hesabı ilə önə keçdik. Düşünürəm ki, fasiləyə üstün vəziyyətdə getməyə tam layiq idik.
İkinci hissədə komandam daha çox topa sahib oldu. Təbii ki, məyusam, çünki futbolçularım bu nəticəyə layiq deyildilər. Rəqibin qol imkanları oldu, amma bundan əvvəl hesabı 2:0 etmək və oyunu bitirmək üçün çoxlu şanslarımız var idi. Futbolçularım daha çoxuna layiq idilər”.
Baş məşqçi “Kəpəz”in ilk qolunun ləğv olunması ilə bağlı suala cavab verməkdən imtina edib:
“Mən 15 il əvvəl Portuqaliyada məşqçilik karyerama başlayandan hakimlər və onların qərarları barədə heç vaxt danışmıram. Bu analizi sizə buraxıram. Məşqçi kimi bütün qərarlara hörmət etməliyəm”.
Kandido hesabı 2:0-a çatdırmaq üçün imkanlardan istifadə edə bilməmələrinə görə məyus olduğunu bildirib: “Məni daha çox ona görə məyus edir ki, biz hesabı 2:0 edə bilərdik. “Kəpəz”dən əvvəl daha çox imkanımız var idi. Əgər 2:0 hesabını əldə etsəydik, düşünürəm ki, bu oyunu qazanacaqdıq. Amma futbol belədir. Komandamızda çox şeyi dəyişməliyik. Bəzi futbolçularımız cəmi 3-4 həftədir ağır məşq edirlər və hələ 90 dəqiqə oynamağa hazır deyillər. Buna görə bəzən oyunları idarə etməli oluruq. “Kəpəz”in 2-3 qol imkanına baxsaq, 1:1 hesabını qəbul etmək olar. Amma komandam əvvəlcə çoxlu qol imkanlarından istifadə edə bilmədi”.
“Sumqayıt”ın qapıçısı Marko Yohanssonun debütünü də dəyərləndirən mütəxəssis onun start heyətinə daxil edilməsinin çətin qərar olduğunu söyləyib:
“Marko bizimlə cəmi iki gün məşq etmişdi. Çətin qərarlar verməli idim. Xəyal da yaxşı oyunlar keçirirdi. Mən bütün qapıçılarımıza güvənirəm. Amma düşünürəm ki, düzgün qərar verdik. Daha hazır olduğuna inandığımız futbolçulara şans verməklə onların daha çox oynadıqca daha yaxşı çıxış etməsinə şərait yaratmalıyıq”.
Baş məşqçi Azərbaycana yaxşı futbolçuların və məşqçilərin gəlməsi üçün bəzi məsələlərin dəyişməli olduğunu söyləyərkən bunun konkret olaraq hansı məsələlər olduğunu da açıqlayıb:
“Mən yalnız oyun zamanı bütün vaxt fit səsi eşitməyimizdən danışıram. Mən Azərbaycana indi gəlmişəm və burada futbolla bağlı qərar verən insanların olub-olmadığını bilmirəm. Bu, mənim məsələmdir deyil. Mənim işim komandamı və futbolçularımı daha yaxşı məşq etdirmək, daha çox qol vurmaq və oyunlar qazanmaqdır. Amma bu, asan deyil. Soyunub-geyinmə otağına gələndə bütün futbolçularım bunu deyirlər: “Bilmirəm oynaya bilərəm, ya yox, çünki bütün vaxt ərzində fit səsi eşidirəm”. Biz yaxşı futbol göstərmək, komandamızın yaxşı oynamasını və insanlara zövq verməsini istəyirik”.


No Comment! Be the first one.