Kubok əvəzinə “Xiyar” verildi
İspaniyanın “Leqanes” klubunun təşkil etdiyi “Villa de Leqanes” turnirinin qalibinə təqdim olunan “Qızıl Xiyar” kuboku yenidən diqqət mərkəzinə düşüb.
Sportify.az xəbər verir ki, 46-cı dəfə keçirilən turnirin builki qalibi “Tenerife” olub.
Finalda “Leqanes”lə qarşılaşan komanda əsas və əlavə vaxtda qol vura bilməyib. “Tenerife” penaltilər seriyasında 4:3 hesabı ilə qalib gəlib və “Qızıl Xiyar”ın sahibi olub.
Kubokun dizaynı ilk baxışdan qeyri-adi görünür. Lakin onun arxasında “Leqanes” şəhərinin tarixi dayanır. Şəhər vaxtilə xiyar yetişdirilməsi ilə məşhur olub. Bu səbəbdən, “Leqanes”in futbolçuları və azarkeşləri “Pepineros” – “Xiyarçılar” ləqəbi ilə tanınırlar.
Məhz bu ənənənin simvolu kimi hazırlanan “Qızıl Xiyar” uzun illərdir “Villa de Leqanes” turnirinin əsas mükafatıdır. “Leqanes” klubunun məlumatına görə, yarış 1980-ci ildən keçirilir və yalnız 2020-ci ildə pandemiya səbəbindən baş tutmayıb.
Turnirin qalibi “Qızıl Xiyar”ı, məğlub komanda isə onun gümüşü rəngdə olan analoqunu əldə edir.



No Comment! Be the first one.