"Mançester Yunayted" - "Sabah": Hər iki klub üçün tarixi matç
“Sabah”ın UEFA Çempionlar Liqasının əsas mərhələsinin ilk turunda “Mançester Yunayted”ə qarşı səfərdə keçirəcəyi oyun İngiltərə klubu üçün tarixi əhəmiyyətli olacaq.
Sportify.az “qırmızı şeytanlar”ın rəsmi saytına istinadən xəbər verir ki, sentyabrın 10-da “Old Trafford” stadionunda baş tutacaq qarşılaşma “mankunianlar”in Çempionlar Liqasındakı 300-cü oyunu olacaq.
Eyni zamanda, “qırmızı şeytanlar” 1000 gündən artıq fasilədən sonra Avropanın ən nüfuzlu klub turnirində meydana çıxacaqlar.
2017-ci ildə yaradılan “Sabah” isə tarixində ilk dəfə Çempionlar Liqasının liqa mərhələsində mübarizə aparacaq. Azərbaycan çempionu bu mərhələyə Uelsin TNS, Finlandiyanın “KuPS”, Danimarkanın “Orhus” və İsrailin “Hapoel Beer Şeva” komandalarını mübarizədən kənarlaşdıraraq yüksəlib.
Beləliklə, sentyabrın 10-da baş tutacaq qarşılaşma həm “Sabah”ın tarixində xüsusi yer tutacaq, həm də “Mançester Yunayted” üçün əlamətdar matç olacaq.
Qeyd edək ki, Çempionlar Liqasının ilk turunun oyunları üç gün ərzində keçiriləcək. Bu səbəbdən “Mançester Yunayted” – “Sabah” görüşünün vaxtı turnirin ənənəvi oyun cədvəlindən fərqlənir. Oyun Bakı vaxtı ilə saat 23:00-da başlanacaq.



No Comment! Be the first one.