"Mingəçevir"in futbolçusu: Ailəli adamam, 4 aydır bir qəpik almıram - VİDEO
Azərbaycan I Liqasında V turun “Mingəçevir” – “Şimal” oyunundan sonra gərgin anlar yaşanıb.
Sportify.az xəbər verir ki, 1:4 hesablı məğlubiyyətdən narazı qalan yerli komandanın azarkeşləri futbolçulara sərt formada iradlar bildirib.
Onlar “Biabır etdiniz bizi. Burada oynamağa layiq olmayan komanda sizə 4 top vurur” deyiblər.
Bu zaman “Mingəçevir”in futbolçusu Rüstəm Nuruyev azarkeşlərə belə bir cavab verib: “Mən ailəli adamam. Yoldaşımla çölə çıxa bilmirəm. Çünki klubdan bir qəpik vermirlər. Gedin klub rəhbərliyini tutun ki, insanların pulunu niyə vermirsiniz. Kimsə gəlib içimizə nifaq salıb ha, bax, onları tutun. Özünüz 3-4 ay maaş almasanız, nə edərsiniz”?
Bundan sonra azarkeşlər baş məşqçi Elman Sultanovu çağırıblar. Sultanov onlara tərəf gəlmədikdə “istefa” şüarları səsləndirilib.
Nuruyev isə azarkeşlərdən birinə işarə edərək, onunla daha sonra haqq-hesab çəkəcəyini bildirib.
Qeyd edək ki, hazırda “Mingəçevir” 5 oyundan cəmi 1 xalla 10 komanda arasında 9-cu yerdə gedir. “Şimal” isə səfər qələbəsi sayəsində 5 xalla 6-cı pilləyə qalxıb.



No Comment! Be the first one.