Binə Atçılıq Mərkəzində kamandan oxatma üzrə ölkə çempionatı və kubokunun rəsmi açılış mərasimi keçirilib.
Sportify.az xəbər verir ki, tədbirdə Azərbaycan Kamandan Oxatma Federasiyasının baş katibi Fərid Xəlilov, Xəzər Gənclər Evi Sosial Xidmət Müəssisəsinin direktoru Pərvin Şirvani və Gənclər və İdman Nazirliyinin Strateji Təhlil Sektorunun müdiri Ülviyyə Hacıyeva çıxış ediblər.
Qonaqlar idmançıları salamlayaraq onlara uğurlar arzulayıb və yarışın rəsmi açılışını elan ediblər.
Yarışın gedişatını Azərbaycan Respublikası Atçılıq Federasiyasının prezidenti Elçin Quliyev də şəxsən izləyib.
Yüksək təşkilatçılıq şəraitində keçirilən çempionatda U-18 yaş kateqoriyasının iştirakçıları 60, böyüklər isə 70 metr məsafədən hədəfi nişan alıblar.
Gərgin mübarizənin yekununda yarımfinal mərhələsinə yüksələn idmançıların adları müəyyənləşib.
U-18 yaş kateqoriyasında qızların mübarizəsində qızıl medal uğrunda Sümeyyə Bədəlli ilə Şəms Heybətova, bürünc medal uğrunda isə Yağmur Qurbanlı ilə Zəhra Carçılı qarşılaşacaqlar.
Oğlanların yarışında qızıl medal uğrunda Sərdar Vəliyev və Zahid Kazımzadə, üçüncü yer uğrunda isə Cəmil Novruzov və Hüseyn Məhərrəmov mübarizə aparacaqlar.
Böyüklər arasında qadınların mübarizəsində çempionluq üçün Fatimə Hüseynli ilə Lalə Əbdürəhmanova üz-üzə gələcək. Bürünc medal uğrunda isə Svetlana Simonova və Yaylagül Ramazanova qüvvələrini sınayacaqlar.
Kişilərin yarışında qızıl medal uğrunda Nurlan Rəhimli ilə Əli Qənbərli, üçüncü yer uğrunda isə Salman Dadaşov və Amiran Morozeviç mübarizə aparacaqlar.
Qeyd edək ki, yarışın final görüşləri sabah keçiriləcək.



No Comment! Be the first one.