Polina Rəhimova: Özünü "kraliça" sayırsan... - MÜSAHİBƏ
Qadın voleybolçulardan ibarət Azərbaycan milli komandası Bakıda keçirilən Avropa çempionatın C qrupunun açılış oyununda Portuqaliya üzərində 3:1 hesablı qələbə qazanıb. Qarşılaşmanın ardından qalib komandanın liderlərindən olan Polina Rəhimova jurnalistlərin suallarını cavablandırıb.
Sportify.az həmin müsahibəni təqdim edir:
– Oyununuzun daha baxımlı alınmamasına səbəb nə oldu?
– Baxın, sizə bir şey deyim. Birinci sirr odur ki, mən öz mövqeyimdə oynamıram. Dördüncü zona hücumçumuz yoxdur. Yəni, məni o zonaya keçiriblər və bu, həmişə belə olacaq, çünki bizdə oyunçu çatışmır. Buna görə də bir az çətin alınır, mexanizmimizdə hələ “yağ” çatışmır. Çünki mən 9 ildir 4-cü zonada oynamırdım. Ən yaxşı oyunumu göstərməyə çalışıram, amma yenə də özünü başqa aləmdə kimi hiss edirsən — sağdan sola keçəndə hər şey güzgü əksləri kimi dəyişir. Bu çətindir. Lakin bunların hamısını başa düşürük. Bizim iki oyunçumuz top qəbuluna baxır, çünki mən dördüncü zonada bunu etmirəm. Bu, taktiki cəhətdən çox çətindir. Lakin bir-birimizə kömək olmağa çalışırıq. Hazırda çətin dövr yaşadığımızı bilirik. Sadəcə, bir-birimizi dəstəkləməliyik. Müsbət və mənfi cəhətlərimizin harada olduğunu bilirik.
– Komandanı Portuqaliya ilə görüşdə iki oyunçunun – siz və Yelizaveta Rubanın irəli apardığı fikri ilə razısınız?
– Xeyr, bütövlükdə komanda idi. Bizdə elə oldu ki, bir məqamda Ayşən Abduləzimova yaxşı oynadı, bir məqamda Marqarita Stepanenko yaxşı qoşuldu, Yuliya Kərimova müdafiədə yaxşı toplar çıxartdı. Sol tərəfə uçurdu. Buna görə də kimisə xüsusi fərqləndirə və ya kimisə təqsirləndirə bilmərəm. Bu, komanda idman növüdür. Görmüşdünüz, 12:1 önə keçmişdik, sonra nə baş verdisə 15:14 oldu.
– Portuqaliya C qrupunda ən zəif komandadır. Bu rəqiblə belə əziyyət çəkiriksə, digər matçlarda nə olacaq?
– Çətin olacaq. Amma anlamalıyıq ki, Portuqaliya müdafiədə çox yaxşı oynadı. Məşqlərdə belə müqavimət görmürük, çünki təcrübəli, ucaboy, güclü oyunçularımız çatmır. Ona görə də özümüzü rahat hiss edirik. Məşqdə vurursan — top yerə düşür, özünü “kraliça” hiss edirsən. Burada isə bir, iki dəfə topları çıxarırlar və görürsən ki, sadə deyil. Ona görə də çalışmalı, işləməliyik. Biz nə edə bilərik? Rəqibin oyununa uyğun taktiki cəhətdən hazırlaşmaq, baş məşqçinin tapşırıqlarını dinləmək və yerinə yetirmək. İndi son günlərdə nəyisə dəyişmək gecdir, sadəcə özümüzə inanmalıyıq.
– Növbəti oyunda da qələbə gözləməyə dəyərmi?
– Əlbəttə! Əks halda, burada niyə oynayırıq (gülür – red.).

– Qrupdakı hansı komandanı favorit sayırsınız?
– Niderlandı hesab edirəm və Belçika ilə oyun çox çətin olacaq. Biz Portuqaliyadan sonra daha 2 oyunda – İspaniya və Rumıniya üzərində qələbə qazanmalıyıq ki, növbəti mərhələdə Türkiyə və ya Polşa ilə deyil, 3-cü yeri tutacaq komanda ilə qarşılaşaq. Yəqin ki, bu, Almaniya olacaq.
– Almaniya ilə oynamaq olar?
– Baxarıq. İnşallah (gülür – red.). Mən heç nəyi söz vermirəm. Əlimizdən gələnin ən yaxşısını edirik.
– Bu gün komandada xüsusilə nə alındı?
– Hər şeydən az-az. Əsəbi, emosional gərginlikdə idik. Çox çalışdıq. “İlk cəhd həmişə yaxşı alınmır” deyirlər. Ümidvarıq ki, bu, belə də oldu. Əsəbi, doğma divarlar arasında əla oyun sərgiləmək istəyirik. Amma bir qədər istədiyimiz kimi olmadı. Amma şükürlər olsun ki, qazandıq. Ən vacibi 3 xal almaq idi, bu baxımdan, 3:1 hesablı qələbə qazanmağımız çox yaxşı oldu. Çox yorulduq, indi dincəlib növbəti oyuna hazırlaşacağıq.
– Ən çətini nə idi?
– Bizim situasiyada Portuqaliyanın müdafiədə yaxşı oynaması. Məşqlərdə rahat xal qazanırıq, burada isə hər topu çıxarırdılar. Həm də onların emosional sevinci bizdən fərqlənirdi. Onlar xal qazananda emosional formada sevinirdilər. Biz xal qazananda isə “Nəhayət, vurduq” deyə rahatlıq tapırdıq. Yəni, bir-birimizə emosional dəstək də Portuqaliya yığmasındakından fərqlənirdi. Məncə, bu da ən vacib məqamlardandır.
– Növbəti matçdan nə gözləyək?
– Əlbəttə, ən yaxşısını gözləyirik. Növbəti matç İspaniyaya qarşıdır. Onların Belçikaya qarşı oyununa baxıb hazırlaşacağıq. Səhvlərimiz üzərində işləyib, son detalları düzəltmək üçün bir məşqimiz də olacaq. Ümidvarıq ki, hər şey daha yaxşı olacaq. Öz evimizdə oynayacağımız üçün rahatıq. O qədər də emosional olmayacağıq.



No Comment! Be the first one.