Polina Rəhimova: Xahiş edirəm, milli komandanı dəstəkləməyə davam edin
Hər kəsə təşəkkür etmək istəyirəm. Milli komandadakı karyeramı başa vurdum. Milli komandada 15 il çıxış etdim. 4 dəfə Olimpiadanın təsnifat mərhələsində, 2 dəfə dünya çempionatında, 9 dəfə Avropa çempionatının final mərhələsində oynadım. Dünya rekorduna imza atdım. Bu rekordla ölkəmizin bayrağını mümkün qədər yüksəyə qaldırdım, çünki hələ də bu rekordu heç kim yeniləməyib.
Sportify.az xəbər verir ki, bunu ötən gün Türkiyə ilə İstanbulda keçirilən Avropa çempionatının 1/8 final oyunundan sonra karyersını bitirən Polina Rəhimova deyib.
O, gənclərdən ibarət yığma komandanın daha da inkişaf etməsini arzulayıb: “Hazırda komandada yerli oyunçular var, bu çox dəyərlidir, çox yaxşı haldır. Azərbaycanda voleybolun yaşamağa davam etdiyini görmək çox xoşdur, bu çox qürurvericidir, insanı ruhlandırır. İnsanlar bu işlə məşğul olurlar. Mən də şadam ki, buna töhfə verə bildim.
Xahiş edirəm, milli komandanı dəstəkləməyə davam edin. Mən isə voleybola son nöqtəni qoymuram. Əgər ehtiyac olarsa, milli komandaya dəvət olunaramsa, məşqçi köməkçisi kimi kömək etməyə hazıram. Və hər kəsi yay düşərgəsinə dəvət etmək istəyirəm. 3 həftə ərzində 3 müxtəlif yaş qrupundan olan uşaqlar üçün ustad dərsləri keçəcəyəm. Hamınızı orada görməyə çox şad olardım.
Hər kəsə təşəkkür edirəm. Bu, həyatımın çox möhtəşəm bir hekayəsi idi. Öz kitabımı bağlayıb yenisinə başlayıram. Həyat davam edir. Çox sağ olun”.


No Comment! Be the first one.