"Qəbələ"nin legionerinin beynəlxalq məhkəməyə verilmə səbəbi bəlli oldu
Rumıniyanın “UTA Arad” klubunun “Qəbələ”nin futbolçusu Mabea Kouya Aristidedən Beynəlxalq İdman Arbitraj Məhkəməsinə (CAS) etdiyi şikayətlə bağlı təfərrüarlar üzə çıxıb.
Sportify.az-ın əldə etdiyi məlumata görə, bu, “UTA Arad”ın borcları restrukturizasiya etmək istəyi ilə əlaqədardır.
Kot d`ivuarlı cinah oyunçusu Rumıniya komandasında 2024-cü il iyulun 1-dən 2025-ci il martın 31-dək çıxış edib. Daha sonra o, 4 ayının maaşını ala bilmədiyi üçün klubu tərk edib.
28 yaşlı sol cinah yarımmüdafiəçisi ilə yanaşı, daha 10 oyunçu eyni səbəbə görə kollektivdən ayrılıb.
Futbolçular “UTA Arad”dan FIFA-ya əmək haqlarının ödənilməməsinə dair şikayət ediblər. Ali futbol qurumu isə onların xeyrinə qərar çıxarıb.
İndi Rumıniya klubu xal silinməsi kimi daha ağır sanksiyaya məruz qalmamaqdan ötrü ödəniş müddətinin uzadılmasını və futbolçuya borcun aybaay verilməsini xahiş edir. Bu səbəbdən, məsələ CAS-a daşınıb. İşə noyabrın 4-də baxılacaq.
Qeyd edək ki, Mabea Kouya Aristide 2025-ci ilin 6 sentyabrında klubsuz futbolçu kimi Malta “Floriana”sı ilə anlaşıb. Bu il iyulun 1-də isə “Qəbələ” Mabea ilə 1+1 illik müqavilə bağlayıb.


No Comment! Be the first one.