"Qarabağ"ın futbolçusu zədələndi, milliyə dəvət ləğv olundu
“Qarabağ”ın futbolçusu Bentse Varkonyi zədə səbəbindən Macarıstan millisinin düşərgəsinə qoşula bilməyib.
Sportify.az-ın əldə etdiyi məlumata görə, 24 yaşlı müdafiəçi milliyə çağırışı açıqlandığı gün – noyabrın 6-da “Turan Tovuz”la Misli Premyer Liqasının XI tur matçında zədələnib.
Qasıq nahiyəsindən xəsarət alan stopper 72-ci dəqiqədə meydanı tərk edib. Onun yerinə Mateus Silva meydana daxil olub. “Azersun Arena”da keçirilən qarşılaşma “Turan Tovuz”un 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Varkonyinin zədələnməsindən xəbər tutan Macarıstan Futbol Federasiyası onun dəvətini ləğv edib. Müdafiəçinin əvəzinə Serbiyanın “Voyvodina” klubunda çıxış edən Kornel Süçü milliyə çağırılıb.
Macarıstanlı legionerin zədələndiyini Sportify.az-a açıqlamasında “Qarabağ”ın mətbuat katibi vəzifəsinin müvəqqəti icraçısı Anar Həsənov da təsdiqləyib:
“Bəli, Varkonyi “Turan Tovuz”la oyunda yüngül zədə alıb. Futbolçumuz klubumuzun həkimlərinin nəzarəti altında fərdi məşqlərini davam etdirir. Oyunçumuzun sağlamlıq vəziyyəti və meydana qayıdış müddəti ilə bağlı əlavə məlumat daha sonra veriləcək”.
Qeyd edək ki, Macarıstan millisi UEFA Millətlər Liqasının B Liqasının növbəti turunda hazırda Gürcüstanla səfərdə qarşılaşır. Görüşdə hələlik hesab açılmayıb. Komanda noyabrın 17-də isə doğma meydanda Şimali İrlandiyanı qəbul edəcək.
Bentse Varkonyi daha əvvəl sentyabr toplanışına da dəvət alsa da, hələ Macarıstan millisində debüt etməyib.



No Comment! Be the first one.