"Qarabağ"ın qapıçısı: Zaqrebdə də əzmkar oyun vəd edirik - MÜSAHİBƏ
“Qarabağ”ın U-19 komandasının futbolçusu Bilal Hacıyev UEFA Gənclər Liqasında Çempionlar Yolunun II təsnifat mərhələsində Xorvatiyanın “Dinamo Zaqeb” komandasına 1:2 hesabı ilə məğlub olduqları ilk görüşdən sonra Sportify.az-a müsahibə verib:
– Oyun barədə fikirləriniz necədir?
– Məğlub olduq. Amma bu, ilk oyunumuz idi, qarşıda bizi ikinci oyun da gözləyir. Beş gün əvvəl də “Sabah”la ağır oyunumuz olmuşdu. Buna görə də son dəqiqələrdə qol buraxmağımız müəyyən qədər normaldır. Topun onlardan və ya bizdən çıxmağı daha bizə maraqlı deyil. İkinci oyuna hazırlaşacağıq. İnanırıq ki, səfərdə qələbə qazanacağıq.
– Oyundan əvvəl böyükhesablı məğlubiyyət gözlənilirdi, amma nəticə minimal hesabla qeydə alındı. Son dəqiqədə qol buraxmasaydınız, heç-heçə də edə bilərdiniz. Rəqiblə başabaş mübarizə aparmağın sirri nə idi?
– Burada əsas məsələ əzmkarlıq və xarakterdir. Bu gün oyunda meydanın hər nöqtəsinə ayağımızı qoyduq, gücümüzü qoyduq, ürəyimizi qoyduq.
– “Dinamo Zaqreb”, Serbiyanın “Partizan” və Balkanlardakı digər akademiyalar ən yaxşılardan hesab olunur. Açıq danışsaq, müəyyən səviyyə fərqi olmalı idi. Amma bu fərq hesabda özünü göstərmədi. Nə səbəb oldu?
– Çünki biz yaxşı hazırlaşmışdıq və meydanda yaxşı iş gördük.
– Qaytardığınız penalti barədə nə deyə bilərsiniz?
– Penalti həmişə bir növ lotereyadır. Orada elə məqamlar var ki, onları yalnız qapıçılar başa düşür. Məsələn, futbolçunun topa yaxınlaşması, hara baxması və digər detalları nəzərə alırsan. Bu, sırf qapıçının hissiyyatıdır. Bəzən sadəcə ürəyinin səsinə qulaq asırsan və hansı istiqamətə atılacağını hiss edirsən.
– Yaş baxımından rəqiblərinizdən daha kiçik olmağınız oyunda çətinlik yaratmadı?
– Xeyr, heç bir çətinlik yaratmadı.
– Son olaraq, Zaqreb səfəri öncəsi azarkeşlərə nə vəd edə bilərsiniz?
– Yaxşı oyun, gözəl futbol, əzmkarlıq və xarakter vəd edə bilərik.
Bahar RÜSTƏM



No Comment! Be the first one.