“Qarabağ”ın UEFA Konfrans Liqasının pley-off mərhələsindəki rəqibi “Tvente”ni Niderland Erediviziyasında keçirdiyi son oyunda öz azarkeşləri fitə basıb.
Sportify.az xəbər verir ki, Enshede təmsilçisi evdə “Zvolle”ni 3:1 hesabı ilə məğlub etsə də, qarşılaşma zamanı tribunaların komandanın oyunundan narazılığı açıq şəkildə hiss olunub.
Tribunada klubun texniki direktoru Erik ten Haqa qarşı bir neçə etiraz pankartı açılıb.
Pankartlardan birində “Erik, əvvəlcə öz həyəcan siqnalınızı çalın” yazılıb. Azarkeşlər bununla Ten Haqın daha əvvəl Niderland futbolunun Avropadakı nəticələri ilə bağlı söylədiyi fikirlərə işarə ediblər. Texniki direktor ölkə futbolunun avrokuboklardakı vəziyyətinin “olduqca bərbad hala salındığını” bildirmişdi. İndi isə “Tvente”nin özü Avropada çətinlik çəkdiyi üçün həmin sözlər Ten Haqa qarşı çevrilib.
Digər pankartlarda isə azarkeşlərin komandadan nə gözlədiyi açıq şəkildə ifadə olunub. Tribunada “cəsarət, mübarizə və qalib mentaliteti” tələb edilib. Başqa bir pankartda isə istehza ilə “dördüncü yerin təntənəli qarşılanması” yazılıb.
Azarkeşlərin narazılığının səbəblərindən biri də “Tvente”nin son dövrdə avrokuboklarda yaşadığı uğursuzluqlardır. Komanda UEFA Konfrans Liqasının III təsnifat mərhələsində Slovakiyanın “DAC 1904” komandası ilə səfərdə 3:3 hesablı heç-heçə edib. Halbuki Enshede təmsilçisi bir həftə əvvəl eyni rəqibi 6:0 hesabı ilə darmadağın etmişdi. Bundan əvvəl isə “Tvente” Avropa Liqasının II raundunda Macarıstan “Ferentsvaroş”una iki oyunun yekununda uduzaraq, (1:2; 2:2) mübarizəni dayandırmışdı.

“Zvolle” ilə görüşün ilk hissəsində “Tvente”nin qol buraxması azarkeşlərin etirazları ilə qarşılanıb. Hətta bəzi oyunçular əvəzetmə zamanı meydana daxil olarkən də tribunadan fit səsləri eşidilib.
Bu münasibət komandanın futbolçusu Daan Rotsun sərt reaksiyasına səbəb olub. O, xüsusilə əvəzedici kimi meydana çıxan futbolçuların fitə basılmasını anlamadığını deyib: “Bu, heç kimə zövq vermir. Mən bunu tamamilə anlaşılmaz hesab edirəm. Bəzən tribunadan eşitdiyim narazılığı nəzərə alsaq, nəticələrimizin o qədər də pis olmadığını düşünürəm. Biz qarşıdakı Konfrans Liqasının pley-off mərhələsi öncəsi yaxşı əhval-ruhiyyəni geri qaytarmaq üçün əlimizdən gələni edirik. Tribunadan daim narazılıq səslərinin gəlməsi xoş deyil”.

25 yaşlı yarımmüdafiəçi ayrı-ayrı futbolçuların hədəfə alınmasını da düzgün saymır. O, Tomas van den Beltin “Zvolle” ilə görüşdə meydançaya çıxarkən fitə basılmasına xüsusi diqqət çəkib: “Mənə, xüsusilə bəzi futbolçuların əvəzedici kimi meydana çıxarkən fitə basılması pis təsir edir. Düşünürəm: ötən mövsüm həqiqətən çox yaxşı çıxış etdik. Bir çox futbolçumuz əla oynadı. Onlar bu fitləri haqq etmək üçün nə ediblər? Məncə, bu, həqiqətən də ayıbdır”.
Rots van den Beltin ötən mövsüm komandanın uğurunda mühüm rol oynadığını xatırladıb: “Tomas ötən mövsüm bütün çempionatı oynadı. Biz demək olar ki, üçüncü yeri tutmuşduq. O, bir neçə çox yaxşı oyun keçirdi və çox vacib qollar vurdu. Sonra meydançaya əvəzedici kimi çıxır və siz onu fitə basırsınız. Bununla kim daha yaxşı oynayacaq? Yəqin istəyirsiniz ki, biz hesabı 4:1, 5:1 edək. Bu, heç kimə zövq vermir. Mən bunu tamamilə başa düşülməz hesab edirəm”.
Azarkeşlərin reaksiyası “Tvente”nin baş məşqçisi Con van den Bromun da diqqətindən yayınmayıb. 60 yaşlı mütəxəssis komandanın oyununun əvvəlində tribunadakı narazılığın futbolçulara təsirini etiraf edib: “Yaxşı oynayırdıq, amma qol buraxdıq və bu, reaksiyaya səbəb oldu. Futbolçular da buna reaksiya verdilər, bəlkə də əvvəlkindən bir qədər daha çox həyəcanlandılar”.

Bununla belə, baş məşqçi “De Qrolş Veste” stadionunda azarkeşlərin dəstəyindən razı olduğunu vurğulayıb və “Qarabağ”la qarşıdakı görüşdə də tribunaların komandanın yanında olacağına ümid etdiyini söyləyib: “Azarkeşlərimizin bizə göstərdiyi dəstəkdən çox razıyam. Cümə axşamı ‘Qarabağ’a qarşı oyunda da bu dəstəyi gözləyirəm. Qarşıda iki həlledici matç var. Qışa qədər avrokuboklarda olub-olmayacağımızı, yoxsa mübarizədən kənarda qalacağımızı bu oyunlar müəyyənləşdirəcək. Əminəm ki, yenidən həmin dəstəyi alacağıq”.
Qeyd edək ki, “Tvente” və “Qarabağ” arasında ilk oyun avqustun 20-də Enshededə, cavab görüşü isə avqustun 27-də Bakıda olacaq.



No Comment! Be the first one.